13:02, 15 May 2019 (Çərşənbə) 96

Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən şəxslər üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə məlumatı Report.az yayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Telman Məmmədhəsənov 4 il, Mahir Abdullayev 3 il 6 ay və Məhəmməd Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. 

Eyni zamanda hökmə əsasən, digər təqsirləndirilən Afət Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib. 

Prokuror çıxışında T.Məmmədhəsənovun 4 il, M.Abdullayevin 3 il 6 ay və M.Məmmədovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin dövlət ittihamçısı digər təqsirləndirilən A.Məmmədovaya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin olunmasını istəyib.

Ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.