22:58, 07 İyun 2019 (Cümə) 74

Naşir kitab yarmarkasının keçirilməsi üçün icazə ala bilmədiyini deyir

Naşir kitab yarmarkasının keçirilməsi üçün icazə ala bilmədiyini deyir
Bakı Şəhər İcra Hakimiyyəti parklarda kitab yarmarkalarının keçirilməsinə icazə vermir.

Bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Facebook” səhifəsində məlumat paylaşıb.

"Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət Departamenti öncə bizim yazılı müraciətimizə cavab olaraq bildirdi ki, Formula-1 yarışları ilə əlaqədar yarmarkaların keçirilməsi məqsədəuyğun deyil. Sonra Avropa Liqası bəhanəsilə imtina etdilər. İndi də heç cavab vermirlər. Ticarət Departamentindən nəşriyyatın əməkdaşlarına şifahi şəkildə bildiriblər ki, yarmarkaya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icazə vermir”.

Ş.Xuduoğlu aşağı qiymətə kitab satışı üçün yarmarkaların keçirilməsinə icazə verilməməsini yolverilməz hesab edir.

Yarmarkalar kitab oxumanın təbliğinə xidmət edir və şəhərin əvvəlki rəhbərliyi buna icazə verirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən "Turan” İA-a bildiriblər ki, kitab yarmarkalarına qadağa qoyulması barədə məlumatları yoxdur və bununla bağlı əlavə informasiya veriləcək.

Lakin şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov sonradan KİV-ə bildirib ki, kitab yarmarkalarına qadağa qoyulması ilə bağlı Ş.Xuduoğlunun söylədikləri "həqiqətəuyğun deyil".

İ.Kərimov deyib ki, Ş.Xuduoğlu "yarmarkanın "Gənclik" metro stansiyasının çıxışında keçirilməsi üçün" müraciət edib və Ticarət Departamentindən ona deyiblər ki, həmin ərazi Bakı metropolitenin əraziasidir.