20:19, 14 May 2019 (Çərşənbə axşamı) 232

Naşir: "Klassikanın dövlət monopoliyasına keçməsi düzgün deyil"

Naşir:
Azərbaycanda 35 müəllifin əsəri və 11 film dövlət varidatı elan edilib.

Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib.

Əsərlərin dövlət varidatı elan edilməsinin şərtləri açıqlanıb. 

Qaydalara əsasən, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun ilə müəyyən edilmiş müəlliflik hüququnun qüvvədəolma müddəti bitdikdən sonra elm, ədəbiyyat və incəsənət əsərləri ictimai varidata keçir.

Məsələyə münasibət bildirən deputat Fazil Mustafa Toplum Tv-yə deyib ki, kitab nəşriyyatında müəyyən nizam-intizam yaratmaq lazımdır: "Bu qaydaların təsdiq edilməsində müəyyən dərəcədə nəşriyyatların da marağını nəzərə almaq lazımdır. Bu addımı atmaqda əsas məqsəd klassiklərin əsərlərinin daha keyfiyyətli nəşrinə nail olmaq və müəllif hüquqlarını qorumaqdır. Düşünürəm ki, nəşriyyatlardan kitab çapı üçün böyük məbləğ tələb olunmaz. Çünki kitabların nəşri üçün böyük məbləğin tələb edilməsi müəyyən problemlər yarada bilər. Ümumiyyətlə, bu  sahədə müəyyən nizam -intizam yaratmaq lazımdır”.

Fazil Mustafa
 
Deputat qeyd edir ki, bu qərar oxu sayına mənfi təsir etməyəcək: "Dövrümüzdə klassikləri oxumağa maraq azdır. Ona görə də Nazirlər Kabinetinin bu qərarı oxucu sayına mənfi təsir etməyəcək”.

"Qanun” nəşriyyatının  direktoru Şahbaz Xuduoğlunun fikrincə, klassiklərin əsərlərinin dövlət varidatına keçirilməsi düzgün addım deyil: "Dövlət klassiklərin əsərlərinin təkrar nəşrinə dəstək olmalıdır. Əgər belə olsa, klassiklərin əsəri daha çox yayılar. Klassikanın dövlət monopoliyasına keçməsi düzgün deyil. Çünki nəşriyyatların klassiklərin əsərlərini eyni dərəcə əldə etmək hüquqi olmalıdır”.

Şahbaz Xuduoğlu 
 
Şahbaz Xuduoğlu Azərbaycanda oxucuların qeyri-dövlət nəşriyyatlarına daha çox marağının olduğunu vurğulayır: "Dövlət nəşriyyatlarında müəyyən standartlar var və nəşriyyatlar həmin standartlardan kənara çıxa bilmir. Qeyri-dövlət nəşriyyatlarında isə fikir müxtəlifliyi var. Buna görə də oxucular daha çox qeyri-dövlət  nəşriyyatlarına üz tutur”.

Lalə Tağızadə