17:35, 20 Noyabr 2020 (Cümə) 162

Natiq Cəfərli: “Ayrılan vəsaitlər şəffaf şəkildə xərclənməsə, bu, qələbəyə kölgə salacaq”

Natiq Cəfərli: “Ayrılan vəsaitlər şəffaf şəkildə xərclənməsə, bu, qələbəyə kölgə salacaq”
"Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını bərpa etmək üçün milyardlara ehtiyacı var, əgər ayrılan vəsait əvvəllər olduğu kimi korrupsiyaya yem olacaqsa, bu vəsaiti çatdırmaq da, effektiv iş görmək də mümkün olmayacaq”. 

İqtisadçı ekspert Natiq Cəfərli "Toplum TV”-yə açıqlamasında belə deyib. 

Prezident İlham Əliyev noyabrın 17-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Natiq Cəfərlinin sözlərinə görə, Füzulidən Şuşaya yol çəkmək doğru qərardır və bu layihə üçün ilkin mərhələdə 50 milyon manat böyük məbləğ deyil: "Ordakı geosiyasi vəziyyəti və Rusiya sülhməramlılarının yerləşdiyi əraziləri nəzərə alsaq, Şuşaya başqa yerdən yol çəkmək mümkün deyil. Ora rahat gediş-gəlişi təmin etmək, o bölgələrin loqistik xidmətini yaxşılaşdırmaq üçün Füzulidən başqa yol yoxdur. Kilometraja böldükdə 50 milyon manat əvvəllər ayrılan vəsaitdən xeyli azdır”. 

N.Cəfərli deyir ki, iqtisadi və siyasi həyatda müəyyən dəyişikliklər edilməsə, ordunun qazandığı hərbi uğuru iqtisadi uğura çevirmək mümkün olmayacaq, köhnə idarə sistemi və korrupsiya qazanılan qələbəyə kölgə salacaq.

Onun sözlərinə görə, neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması və pandemiyadan doğan iqtisadi çətinliklər büdcəyə daha ciddi nəzarət olunmasını tələb edir:
"Ayrılan vəsaitlər qəpiyinə qədər şəffaf şəkildə xərclənməsə, bu həm qələbəyə kölgə salacaq, həm də atılan addımlara maneçilik törədəcək”

Ekspert ordunun qazandığı hərbi uğurların ölkədə siyasi və iqtisadi idarəetmədə müsbət dəyişikliyə səbəb olacağını düşünür: " Azərbaycan hakimiyyəti buna borcludur”.
 
N.Cəfərli həmçinin qeyd edir ki, hərbi uğurların iqtisadi uğura keçməsi, iqtisadi fürsətin artırılması üçün yeni sistemə ehtiyac var: 
"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması üçün əlavə mənbələr tapmağa borcluyuq. Neft fonduna ümid etsək, təbii ki, onun büdcəsi bu işlərin görülməsi üçün bəs etməyəcək. Əlavə maliyyə mənbələrinə və investorların cəlb olunmasına ehtiyac var. Xarici investorları ölkəyə cəlb etmək üçün korrupsiya və inhisarçılığa qarşı mübarizə aparılmalı, məhkəmə hakimiyyətinin şəffaflığı təmin olunmalıdır. Işğaldan azad olunan ərazilərdə bərpa işləri mərhələli şəkildə olacaq, bunun üçünsə milyardlar lazımdır. Bərpa işlərinin tək bir fond hesabına həyata keçirilməsi mümkün deyil. Azərbaycan hakimiyyəti bunu düşünməli, xroniki problemləri kökündən birdəfəlik həll etməlidir”.

 
Natiq Cəfərli bildirib ki, Türkiyə şirkətləri investisiyaya daha çox maraq göstərir: "İnvestorların normal fəaliyyəti üçün şərait yaradılmalıdır. Onların cəlb edilməsi işğaldan azad olunmuş ərazilərin gələcək quruculuğunda mühüm rol oynayacaq”. 

Yeri gəlmişkən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, noyabrın 17-də Türkiyənin Azərbaycanda səfərdə olan "TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin prezidenti Nihat Tanrıkulun rəhbərlik etdiyi nümayəndə heyəti agentlikdə olub. 

Görüşdə ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə türkiyəli iş adamlarının cəlb olunması və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Aytac Məmmədova