20:38, 31 İyul 2019 (Çərşənbə) 172

Natiq Cəfərli: “FED qərarı Azərbaycana birbaşa təsir etməyəcək”

Natiq Cəfərli: “FED qərarı Azərbaycana birbaşa təsir etməyəcək”
"Dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də qızışacaq”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli ABŞ mərkəzi bankının iyulun 31-də açıqlanacaq qərarına münasibət olaraq bildirib.

Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da "Federal Reserve System” (FED) faiz qərarını açıqlayacaq.

FED Vaşinqtonda yerləşən ABŞ-ın mərkəzi bankıdır. Səlahiyyətləri baxımından mərkəzi bank kimi görünsə də, iş prosesi bir qədər fərqlidir.

FED-in alacağı qərarlar ABŞ pul vahidi dollara istiqamət verdiyi üçün ABŞ ilə məhdudlaşmır, bütün ölkələrin iqtisadiyyatına təsir edir.
Dünyanın bütün ölkələrində olan insanlar FED ehtimallarını hesablayıb, analiz edərək yatırımlarını həyata keçirir. Ona görədə FED-in faiz qərarları dünya iqtisadiyyatında müzakirə olunan mövzulardandır. FED-ə dair hər hansı ehtimal bildirişi belə dolların hərəkətlənməsinə yol açır. 

Neft satışının dollar ilə həyata keçirilməsi FED bəyanatlarını və qərarlarını Azərbaycan üçün əhəmiyyətli edir. Belə ki, Azərbaycan iqtisadiyyatının 75 faizini və ölkənin ümumi daxili məhsulunun 45 faizini neft gəlirləri təşkil edir.

FED faizi artırmağa qərar verərsə, bu ölkələrə mənfi təsir edir. Faizin aşağı salınması isə müsbət təsir göstərməkdədir. Ümumi olaraq FED faizi artırarsa, dollar artar.
 
Ekspert Natiq Cəfərli deyir ki, FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər:
"Bunu dollar qarşısında valyutaları bahalaşmasın deyə edəcəklər. Çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmirlər”.
 
Daha sonra ekspert qərarın Azərbaycana olan təsirindən danışıb.

İqtisadçı güman edir ki, FED uçot dərəcəsini 0,25% aşağı çəkəcək, amma bu, Azərbaycana təsir etməyəcək:
"FED qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək, çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir”.

Ekspert deyir ki, iqtisadi institutlar ölkələrin immun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir. O bildirib ki, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir: "Bu, müvəqqəti effekt yaradır, amma orta-uzun vadədə ölkəyə ciddi ziyan vurur”.
 
Natiq Cəfərli manatın sabit qalmasının da müvəqqəti olduğunu vurğulayıb.

ABŞ mərkəzi bankı FED 2018-ci ildə 4 dəfə faizi artırmaq haqqında qərar verib.

Uğur Fərzəli