18:41, 18 Aprel 2020 (Şənbə) 890

Natiq Cəfərli: "Ölkəyə ciddi investisiya gəlməlidir"

Natiq Cəfərli:
"İndiki dövrdə əlavə gəlir mənbələrinin tapılması ehtimalı çox aşağıdır”

"Ölkə iqtisadiyyatında böyük durğunluğun, dünya iqtisadiyyatında ciddi çöküşün yaşandığı hazırki karantin dönəmində əlavə gəlir mənbələrinin tapılması ehtimalı çox aşağıdır.

Əvvəl-axır yenə də Dövlət Neft fondundan büdcəyə əlavə vəsaitlərin köçürülməsi ilə bağlı qərar qəbul ediləcək”, - ReAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli Toplum TV-yə bildirib. 
 


Aprelin 14-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. 

Müşavirədə ölkə başçısı hökumətə və İqtisadiyyat Nazirliyinə yeni gəlir mənbələrinin aşkar edilməsi barədə tapşırıq verib. 

Natiq Cəfərlinin qənaətincə, 2015-ci ildən sonra əlavə gəlir mənbəyi kimi prioritet sahələr hesab olunan turizm və aqrar sektordan pandemiya dönəmində gəlir əldə etmək mümkünsüz görünür. 

İqtisadçı ekspert "Covid-19” səbəbindən turizmin tamamilə çökdüyünü, aqrar sahədə isə ixracatın xeyli zəiflədiyini vurğulayıb. 

"Rəsmən qapadılmış sahələr var ki, ordan əldə edilən gəlir azalacaq. İctimai iaşə obyektləri, kafe və restoranların vergi ödənişləri demək olar ki, sıfıra enib. Ərzaq satışı ilə məşğul olan xeyli yer bağlıdır, bu sahədən də  gələn vergilər azalacaq”, – deyə o, əlavə gəlir mənbələrinin tapılmasının çox çətin olduğunu söyləyib. 

Natiq Cəfərlinin fikrincə, əlavə gəlir mənbələrinin tapılması qısa müddətdə həll olnacaq məsələ deyil: "Orta və uzun vədədə təbii ki, bu işlər görülməlidir. Ölkəyə ciddi investisiya gəlməlidir. Qeyri-neft sektoruna ayrılan investisiyalar baxımından daha cəlbedici ölkə olmalıyıq ki, gələcəkdə bu kimi hallarda əlavə gəlir mənbələrimiz olsun. İndi isə Neft Fondundan başqa əlavə gəlir mənbəyinin olacağını düşünmürəm”.

Toğrul Maşallı: "Azərbaycanda nə iqtisadi siyasət, nə də vergi siyasəti bir-biri ilə uzlaşır”
 


Digər iqtisadçı ekspert Toğrul Maşallı isə düşünür ki, dövlətin yeganə gəlir mənbəyi onun vergiləri və ya dövlət şirkətlərinin qazancları olmalıdır.

O, pandemiya dövründə əlavə gəlir mənbələrinin əldə olunması istiqamətində atılacaq addımları effektiv hesab etmir. 

"2015-ci ildə bəyan edilmişdi ki, neft sektorunu gəlir mənbəyi kimi yaddan çıxarmalıyıq. Biz başqa sahələrə diqqət yetirməliyik. Dövlət büdcəsinin neft sektorundan asılılığı azaldılmalıdır. Lakin gördüyümüz odur ki, 4 il keçməsinə baxmayaraq hələ heç bir şey edilməyib. İndi bu məsələ yenidən qaldırıla bilər”, –  iqtisadçı deyib.

Toğrul Maşallının sözlərinə görə hökumət, adətən, nəsə elan etsə də, ona əməl etmir: ""Neftin qiymətinin bir az artdığı dövrdə yenə də neftdən asılılıq davam etdirildi. Bu addımın real olması üçün konkret tədbirlər həyata keçirilməli, konkret iqtisadi siyasət yürüdülməlidir. Bu iqtisadi siyasət digər siyasətlərlə uzlaşmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda nə investisiya siyasəti, nə iqtisadi siyasət, nə də vergi siyasəti bir-biri ilə uzlaşır”.

Prezident sözügedən müşavirədə deyib ki, hökumət yaxın vaxtda yeni gəlir mənbələrinin tapılması ilə ona təkliflərini təqdim etməlidir. 

Onun sözlərinə görə belə imkanlar var: "Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır”.

Şəbnəm Adil