10:42, 08 May 2019 (Çərşənbə) 79

Natiq Cəfərli: "Maaşlar rəsmiləşmədən icbari tibbi sığortaya keçid mümkünsüzdür"

Natiq Cəfərli:
Baş nazirin müavini Əli Əhmədov mayın 7-si jurnalistlərə icbari tibbi sığorta xidmətindən bəhs edib.

O deyib ki, gələn ilin əvvəlindən ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək.

Əli Əhmədov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsindən ötrü işlər aparılır və hüquqi normativ sənədlər hazırlanır: "Pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq".

Baş nazirin müavininin habelə deməsinə görə, muzdlu işçilərin əməkhaqqından, işəgötürənin isə qazancından müəyyən faizlərin Agentliyə ödənməsi nəzərdə tutulur: "Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək ki, bu ödəniş də o qədər böyük deyil".

İqtisadçı Natiq Cəfərli isə deyir ki, icbari tibbi sığorta ilə bağlı qərar artıq 20 ildir verilib, lakin onun icrası idarəetmədə, infrastrukturda olan problemlərə görə gecikdirilir: "Azərbaycanda rəsmi işçilərin sayı çox azdır və bu, icbari tibbi sığortanın tətbiqində ən böyük əngəldir. Bizdə rəsmən müqavilə ilə çalışanların sayı 1.6 milyondur. Əmək qabiliyyəti olan 4.4 milyon insanın isə rəsmi iş yeri yoxdur. Maaşlar rəsmiləşmədən icbari tibbi sığortaya keçid demək olar ki, mümkünsüzdür".

​Onun fikrincə, ölkə icbari tibbi sığortanın tətbiqinə hazır deyil.

Sözlərinə sübut kimi, Natiq Cəfərli pilot layihəni misal çəkir: "İki il öncə icbari tibbi sığorta pilot bölgə olaraq Mingəçevirdə və Bərdədə tətbiq olundu. Lakin bu layihənin nəticələri indiyə qədər analiz olunmadı. Bugünə qədər hökumət bir sanballı sənəd ortaya qoymayıb ki, pilot bölgələrdə hansı problemlər üzə çıxdı, problemlər nədən ibarətdir".

İqtisadçının vurğulamasına görə, işləməyən insanlara tibbi sığortaya görə ildə 120 manat dövlət rüsumu müəyyənləşdirilib: "Lakin Azərbaycan əhalisi buna hazır deyil və bu rüsumu ödəmək istəməyəcək. Bu rüsum işləməyən adam üçün yüksəkdir. Əhaliyə bunun üstünlüklərini izah etmədilər, demədilər, bu 120 manatın əvəzində insanlar nə əldə edəcək. Pulsuz əməliyyatmı olunacaq, dərman alanda güzəştlərmi alacaq? Həmçinin, ailədə heç kəs işləmirsə, ildə bu ailə ən azından 480 manat pul ödəməlidir".

Natiq Cəfərli vurğulayır ki, gələn ildən Azərbaycan hakimiyyəti bu sahədə çox ciddi problemlərlə üzləşəcək və problemlər həll olunmasa, icbari tibbi sığortaya keçid ciddi effekt verməyəcək.

Azərbaycanda "İcbari tibbi sığorta haqqında" Qanun 20 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib.

Dövlət başçısı İlham Əliyev bir də bundan 9 il sonra, 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir.

Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir.

Prezident İlham Əliyev isə bu ilin əvvəlində 2020-ci ildən icbari tibbi sığortanın tətbiq ediləcəyinin anonsunu vermişdi.
 
Azadliq.org