16:10, 07 Noyabr 2019 (Cümə axşamı) 195

Natiq Cəfərli: "ReAL heç vaxt adamın partiyası olmayıb"

Natiq Cəfərli:
Respublikaçı Alternativ Partiyasının (ReAL) Ali Məclisinin başqanı Azər Qasımlı noyabrın 6-da partiyadan istefa verib.

O, istefa bəyanatını həmin gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Azər Qasımlı sədr İlqar Məmmədovu partiyada avtoritarizm qurmaqda ittiham edib və bunu noyabrın 3-də partiyanın bütün strukturlarını buraxmaqla qurultaya hazırlaşmasında göstərib.

Onun fikrincə, İlqar Məmmədovun təklif etdiyi strukturlarda nə hesabatlılıq, nə məsuliyyət, nə yerli təşkilatlar, nə də üzvlərlə kommunikasiya olacaq: "Sadəcə, bir sədr olacaq. O da zaman-zaman fitvalar verəcək, statuslar yazacaq. Bütün üzvlər də sədrin nə dediyini gözləyəcək. Sədr deyəcək mitinqə gedin, onlar da gedəcək. Yəni İlqar Məmmədovun təklif etdiyi strukturun mahiyyətin bundan ibarətdir”.

Azər Qasımlı deyib ki, o, özünü bu strukturda görmür.

Onun fikrincə, özünü bu strukturda görmək hakimiyyətin avtoritar oyunlarında iştirak etmək deməkdir. 

"Gözəl sözlərin arxasında gizlənmək olar, zatən tarix də bu cür yazılıb. Hitler də, kommunistlər də gözəl sözlərin arxasında gizlənərək totalitar rejim yaradıb. Müəyyən zamandan sonra ReAL Partiyası sıradan çıxarılacaq. Mən başlanan prosesin arxasında bunu görürəm”.

Ancaq Azər Qasımlı siyasətdən getmədiyini bildirib: "Siyasətdən, ReAL ailəsindən getmirəm. Yalnız İlqar Məmmədovun partiyasından gedirəm. Mən özümü bu partiyada görmürəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır. Ancaq indiki mərhələdə, yaxın bir ildə mən partiya yaratmayacam. Bu, siyasətdən kənar qalmağım kimi qəbul edilə bilməz”.

ReAL  Partiyasının  icraçı katibi Natiq Cəfərli Toplum TV-yə deyib ki, Azər Qasımlı məsələyə emosional yanaşıb, yeni təşkilat  formasına keçidi şəxsi  qəbul edib: "Çünki  Məclisin ləğvi, yeni qurultaya gediş onun tutduğu vəzifənin də ləğv olunmasına səbəb oldu. Halbuki, biz təklif elədik ki, yeni qurulacaq təşkilat komitəsində daha praktiki işlər görüləcək. Orada təmsil olunmasını da təklif etdik, amma çox güman ki, şəxsi qəbul etdi bəzi məsələləri”.

Natiq Cəfərli deyir ki, Azər Qasımlının ittihamlarının bir çoxunun  əsası yoxdur: "ReAL heç vaxt  avtoritarlaşmış  bir təşkilat ola bilməz. İlqar Məmmədov son 1 il ərzində ən azı 8 bölgədə səfərdə olub. Ən azı 40-45 dəfə də ReAl-ın görüş zalında  təşkilatın rəhbərləri ilə, sadə üzvlərlə, yeni üzvlərlə  görüşlər keçirib. Yəni bu, məsələnin görünən tərəfidir. Azər Qasımlının bu sözləri deməsi o qədər də reallığı əks etdirmir”.

N.Cəfərli onu da qeyd edib ki, son 1 ildə Azər Qasımlının özü də aktivliyini minimuma  endirib: "Amma ofisə də gəlirdi və görürdü ki,  görüşlərin intensivliyi, rayonlara səfərlər, üzvlərin sayı artıb. Siyasətçinin işi budur, başqa nə etməlidir ki?  Bizə başqa partiyalar tərəfindən də  ittiham səsləndirilir ki, ancaq ofisdə oturursunuz. Söhbət  həmin partiyaların  arqumentini gücləndirməkdən gedirdisə,  bunu Azər bəyin öz şərhinə buraxmaq lazımdır”.

Natiq Cəfərli Azər Qasımlının "adamın partiyası yox, partiyanın adamı olmaq lazımdır” ifadəsinə də toxunub. Onun fikrincə, bu, yaxşı söz oyunudur:  "Bunu da ReAL-da öyrənib bir çox adam. Sözlərdən istifadə qaydasının ustaları olub həmişə ReAL-da və bu gün də var. ReAL heç vaxt adamın partiyası olmayıb və ola da bilməz. Tək adam partiyası istəsəydik, bu gün iqtidar partiyası da, müxalifət partialarının 99 faizi də eyni qayda ilə idarə olunur, gedib elə ora yazılardıq, ReAL-ın yaranmasına ehtiyac qalmazdı. ReAL-ın özəlliyi və gözəlliyi  də ondan ibarətdir ki, həmişə  daxili debatlardan, kollektiv idarəetmədən, kollektiv ağıldan bəhrələnib.  İlqar Məmmədov sədr ola-ola dəfələrlə həbsdən təklif göndərib, amma  idarə heyəti bunu qəbul etməyib. Bu, hansı partiyada mümkündür? Bu, elə daxili demokratiyanın təzahürüdür”.
 
Elmar Əziz