17:05, 23 Avqust 2019 (Cümə) 60

Navalni həbsdən buraxılıb

Navalni həbsdən buraxılıb


/ DÜNYA
"Şübhə etmirəm ki, həqiqi qorxutma və terror hərəkətlərinə, adamların həbsə atılmasına baxmayaraq, etirazlar dalğası davam edəcək və rejim elədiklərindən ciddi peşmançılıq keçirəcək”

Azadlıq Radiosu xəbər verib ki, bu sözləri Navalni təcridxanadan çıxandan sonra jurnalistlərə deyib.

Son həftələr Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində icazəsiz aksiyalara çıxanlar sentyabrda Moskva Dumasına planlaşdırılan seçkilərə müstəqil və müxalifət namizədlərin buraxılmamasına etiraz edirlər. Polis Moskva etirazlarında minlərlə adamı saxlayıb, polisin nümayişçiləri döydüyünü göstərən videolar isə internetdə geniş yayılıb. 

"Bunu hiss edirlər və qorxurlar”

Seçkiyə buraxılmayan namizədlərin bəziləri Navalny-yə, yaxud onun antikorrupsiya fonduna bağlıdır. Onlar da həbs olunub, evlərində axtarış aparılıb, hücumlara məruz qalıblar. Avqustun 22-də Navalny-nun köməkçilərindən biri Sankt Peterburqdakı evi yaxınlığında hücuma məruz qalıb.

"İndi gördüyümüz odur ki, yalanlar və fırıldaq onlara bəs eləmir. Namizədləri seçkiyə buraxmamaq da onlara bəs eləmir. Onlar qəsdən onlarla adamı həbs edir, yüzlərlə adamı döyürlər... Bu onu göstərir ki, bu rejimə dəstək yoxdur. Bunu hiss edirlər və qorxurlar”, – Navalny jurnalistlərə açıqlamasında deyib.

Rusiyada hakimiyyət Navalny-nin antikorrupsiya fondunu da hədəfə alıb, avqustun 3-də ona qarşı cinayət işi açıb. Fond qanunsuz mənbələrdən maliyyə əldə etməkdə şübhəli bilinir.

Navalni və dostları isə fondun şəffaf şəkildə, ictimai ianələrlə maliyyələşdiyini bildirir.