Müsahibə

Nazim Bəydəmirli: “Pandemiya hakimiyyət üçün bir fürsətə çevrilməlidir”

1 Aprel, 2020
1357
Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli Toplum TV-yə müsahibə verib. 

- Koronavirus Azərbaycanın iqtisadi siyasətində hansı boşluqları üzə çıxardı?

- Həmişə demişik, indi də deyirik ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Təəssüf edirəm ki, biz istehlak etdiyimiz məhsulların qida məhsulları da daxil  olmaqla 80%-ni xarici ölkələrdən gətiririk. Eyni zamanda, koronavirusun təsiri altında hökümətin başlatdığı qadağanedici tədbirlər əsasında məlum oldu ki, ölkə vətəndaşlarının məşğulluq səviyyəsi çox aşağıdır. Son hadisələrdə məşğulluq səviyyəsinin heç də yüksək olmadığı və hökumətin vurğuladığı kimi 5% məşğulluq səviyyəsininin olmadığı ortaya çıxdı. Elementar gigiyenik məhsulların ölkədə istehsal edilməməsi və ölkəyə gətirilməsində bir sıra problemlərin olması da gömrük sistemində idxalın qeyri-şəffaflığından xəbər verir. Həm maskaların, həm də spirtin apteklərdə tapılmaması səhiyyə sahəsində təchizatın doğru və rəqabətli olmamasından irəli gəlir. Bu tipli məhsulların qiymətində qısa bir zamanda baş verən bahalaşma isə iqtisadiyyatın inhisarlaşmasını göstərdi. Azərbaycan iqtisadi siyasətində kifayət qədər boşluqlar var və sadalamaqla bitməz. Ümumiyyətlə, iqtisadiyyatı xammaldan asılı ölkələrdə belə böhranlı şəraitdə təsir özünü tez büruzə verir və bu mənada Azərbaycan iqtisadiyyatı koronavirusa çox həssas oldu.
 
Eyni zamanda əgər ƏDV-yə zaman kontekstində baxsaq, görərik ki, 5-6 il öncə 2014-cü ilin dövlət büdcəsində 2139 mln manatla müqayisə etdikdə 109 milyon azalır (5% dən çox). Demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması dinamikası çox zəifdir, ancaq gömrük xətti ilə idxaldan alınan ƏDV 2705 mln manat proqnozlaşdırılır. Xatırladım ki, 2014-cü ildə idxaldan ƏDV 1070 manat olub. Artım 1635 mln manat, yəni 2.5 dəfə. Bu rəqəmlər də iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır. Ümumiləşdirib belə də demək olar: gömrük siyasəti daxili bazarı qoruya bilməyib, qoruması da mümkün deyil. Hələ dünyada heç bir ölkə yüksək gömrük tarifləri ilə nə daxili istehsalı qorumaqla, həm də rəqabətə davamlı ixrac yönümlü "marka, brend" yarada bilib. "Daxili bazarı qorumaq" şüarı qlobal bazarda taftalogiyadır, PR-dır və monopolistlərə xidmət edir. Qapalı iqtisadiyyatlarda "yalnız tariflərlə daxili istehsalı qorumaq" ölkəni ancaq xammal ölkəsinə çevirməyə yararlıdır, qiymətlərin bahalaşmasından başqa bir işə yaramır. Bu işlər iqtisadi fəallığı artırmaqla, təşviqlə, real sahibkarlığın inkişafını şərtləndirən 10-larla faktorun olmadığı halda indiki vəziyyət yaranır.

- İqtisadi proqramların bəzi bəndləri açıqlandı. Siz necə düşünursünüz, pandemiya dövründə və ondan sonra sahibkarlara hansı dəstək verilməlidir?

- Hökumətin açıqladığı proqramda pandemiya dövründə mikrosahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı yardımın əhatəsi bəlli oldu. Sadalanmış bir sıra addımları müsbət qiymətləndirmək olar. Eyni zamanda, pandemiya dövründən sonra kredit faizlərinin kifayət qədər aşağı salınması haqqında da mesajlar verildi. Bunu da müsbət qiymətləndirirəm. Çünki Azərbaycanın əsas problemlərindən biri bütün iqtisadiyyatda inhisarçılığın olması ilə yanaşı, bu halın bank sektorunda da özünü göstərməsidir. Xüsusilə, bank faizlərinin əlçatan olmaması bahalaşmaya səbəb olur. Mən hesab edirəm ki, pandemiyadan sonra əsas hədəf məmur sahibkarlığının ləğvi və inhisarçılığın aradan qaldırılması olmalıdır. Eyni zamanda, rəqabət mühiti yaradılmalıdır. Öz daxili istehsalını təmin edə bilən ölkələr əslində öz təhlükəsizliyini təmin etmiş olurlar. 

- İqtisadiyyat naziri M.Cabbarovun sözlərinə görə, pandemiyadan sonra iqtisadiyyatın motoru rolunda tikinti sektoru çıxış edəcək. Bu fikrin reallıq payı nə qədərdir?

- Ölkədə gözlə görünən inkişafın hər zaman əsas lokomotivi  tikinti sektoruna qoyulmuş dövlət əsaslı vəsaitlər olub. Bu vəsaitlər həmişə neftin qiyməti ilə bağlıdır. İqtisadiyyatda belə bir addımın  ölkənin daxili təminatı ilə bağlı böyük nailiyyətə səbəb olacağını düşünmürəm. Düzdür, tikinti sektoru  müəyyən mənada məşğulluğun artmasına səbəb olur. Amma digər tərəfdən isə bölgələrdə olanların şəhərə miqrasiyası ilə nəticələnir. Həmçinin dövlət kommersiya məqsədi ilə sosial evlər paketini reallaşdırır. Düzdür, biz dövlətin vətəndaşları evlərlə təmin etməsinə qarşı deyilik. Amma bu bazar iqtisadiyyatının şərtləri altında həyata keçirilməlidir. Dövlət özü  iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Müxtəlif tikinti şirkətlərinin işini stimullaşdırmaq üçün onlara uzun müddətli resurslar təklif etməlidir. Yəni ipotekanın məqsədi bu olmalıdır. Çox təəssüf ki, ölkədə hökumətin bu prosesdə rolu böyükdür. Bu təklifin strateji yükü böyükdür, amma dövlət  vasitəsilə həyata keçirilməsi korrupsiya və dövlət strukturlarının səmərəsiz xərclənməsinə gətirib çıxara bilər.

- Ölkədə virusla bağlı xüsusi karantin rejimi elan olunub. Amma bəziləri iş axtarmaq məcburiyyətindədir,onlar günəmuzd çalışanlardır. Onlarla bağlı hələ də heç bir addım atılmayıb. Bu gecikməni nə ilə əlaqələndirmək olar?

- Təəssüf ki, hökumət bu prosesə qonşu ölkələrdən gec başladı. Gecikmənin səbəblərindən biri Nazirlər Kabinetinin dinamik olmamasıdır. Bu da Nazirlər Kabinetinin funksional olaraq, səlahiyyətlərinin az olmasından qaynaqlanır. Çox təəssüf edirəm ki, insanlara və fərdlərə yönəlmiş yardımların gecikməsi sosial müdafiə sisteminin düzgün qurulmaması və Əmək və Sosial Müdafiə Nazirliyinin gecikməsi ilə bağlıdır. İldən-ilə müxtəlif proqramlar qəbul olunmasına baxmayaraq, bu istiqamətdə pozitiv addımlar atılmayıb. 

- Sizcə, dövlət tərəfindən ayrılmış vəsait, Koronavirusa Dəstək Fonduna edilən ianələr və bir neçə ölkədən gələn  yardımlar necə istifadə edilməlidir?

- Bu vəsaitlər təbii ki, tam şəffaf olaraq xərclənməlidir. Nazirlər Kabineti mütəmadi olaraq gündəlik brifinqlərdə xərclənən rəqəmləri açıqlamalıdır. İanə institutu inkişaf etdirilməlidir və hansısa məqsədə yönəlmiş kampaniyaya çevrilməsinə yol verilməməlidir. Bir-birinə dəstək və yardımlaşma onsuzda bizim xalqın ənənəsindən, genindən gəlir. Bu mənada təmənnasız yardımlaşmanın vacib olduğunu hesab edirəm.

- Neftin ucuzlaşması manat üçün də təhlükə yaradır. Bu dövrdə manatı qorumaq üçün atılmış hansı addımlar müsbət nəticə verə bilər?

- Manatın kursu birbaşa neftin qiymətindən asılıdır. Çünki əsas gəlir mənbəyimiz neft və neft məhsullarıdır. Bu büdcənin formalaşmasına da birbaşa təsir göstərir. İxracın 90%-dən çoxunun neftdən asılı olması və gündəlik istehlak məhsullarının 80%-nin xarici ölkələrdən asılılığı və uzun müddət neftin 30 dollardan aşağı olması manatın kursunun sabit saxlanmasını mümkünsüz edir. Əlbəttə, mən devalvasiyanın tərəfdarı deyiləm. Bunun üçün hökumət tez bir zamanda iqtisadi fəaliyyəti stimullaşdıran tədbirlər görməlidir. Yəni real sahibkarlığa dəstək vermək və xarici istehsaldan asılılığı endirmək lazımdır. Xarici investisiyaların cəlbi genişləndirilməli, məmur sahibkarlığının qarşısı alınmalıdır. Əks halda, neftin qiyməti hər dəfə artıb azalanda eyni hallar baş verəcək.

- Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının aldığı zərbələr ölkənin daxili və xarici siyasətində öz əksini necə tapa bilər? Bu iqtisadi böhranın hakimiyyətin özüllərini sarsıtması mümkündürmü? Belə halın əksər ölkələrdə gözlənildiyi təxmin edilir...

- İstənilən hökumət insanların səsindən və vergisindən asılıdırsa, seçicilərin həmin hökümətə təsiri böyük olur. Ölkəmizdə bu yaxınlarda keçirilmiş parlament seçkiləri, çox təəssüf ki, total saxtakarlıqlarla müşahidə olundu və verilmiş vədlər yerinə yetirilmədi. Bu mənada hökumətə inam və etibar çox azaldı. Pandemiya bu mənada bir fürsətə çevrilməlidir. Hakimiyyət xalqdan dəstək ala bilmək üçün ilk növbədə səmimi olmalıdır. Hakimiyyəti bu baxımdan duyarlı olmağa çağırıram. Çox təəssüf edirəm ki, Tofiq Yaqublunun həbsi ilə ictimaiyyətdə hakimiyyət-müxalifət çəkişməsi gündəmə gəldi. Ona görə bu prosesin dayandırılmasını vacib hesab edirəm. Mən güman etmirəm ki, belə addımlar iqtidara müəyyən dividentlər gətirir. Tofiq Yaqublunun azad edilməsinin tərəfdarıyam. Hesab edirəm ki, iqtidar-müxalifət arasında real dialoqlar aparılmalıdır. 

Vüsalə Mikayıl


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo