17:04, 11 Sentyabr 2019 (Çərşənbə) 78

Nazim Süleymanov: “AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır”

Nazim Süleymanov: “AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır”
"Öncə təsis qrupu yaratmışdıq. Bu qrupla fəaliyyət göstərirdik”. 

APA İA bu barədə məlumat paylaşıb.

Məlumata  görə, bu sözləri bu gün keçirilən təsis konfransı keçirilən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının sədri Nazim Süleymanov jurnalistlərə deyib.

O, təşkilatın adının öncədən planlaşdırıldığından fərqli olmasına aydınlıq gətirib.

 "AFFA-da baş katib Elxan Məmmədovla görüşdük. Görüş zamanı bilindi ki, assosiasiyada həmkarlar ittifaqı yoxdur. Biz bölgələrdə olduq, futbol ictimaiyyətinin nümayəndələri ilə görüşdük. Onların problemləri ilə tanış olandan sonra fikirləşdik ki, federasiyada da belə ittifaq yoxdursa, təşkilatın adı Azad Azərbaycan Futbol İctimaiyyətinin Həmkarlar İttifaqı deyil, AFFA Həmkarlar İttifaqı olsun. Bu gün də bu ittifaqı təsis etdik”- deyib.

N.Süleymanov bildirib ki, təşkilatın yaranması üçün AFFA-nın icazə və ya razılığı alınmasına ehtiyac olmayıb: "Həmkarlar təşkilatı heç kimdən icazə almır”.

N.Süleymanov qarşıdakı planlar barədə də danışıb: "Bölgələrdə görüşlər keçirilib və yenə təşkil olunacaq. Bu gün ittifaqı təsis etdik. Bölgələrdə komitələrimizi təsis edəcəyik. Onlarda da sədr seçəcəyik və ittifaqa birləşdirəcəyik. Mən "Pro” kateqoriyalı məşqçiyəm. Futbol oynamışam, bitirəndən sonra məşqçi kimi çalışmışam. Sabah dəvət gələrsə, məşqçi kimi də işləyərəm. Funksioner kimi çalışmağıma gəlincə, bu gün zərurətdir ki, təşkilat yaransın. Futbol ictimaiyyətindəkilərin hüquqlarını qorumaq üçün vacib idi”.