17:00, 18 Fevral 2019 (Bazar ertəsi) 173

Nazir çörəyin qiyməti barədə

Nazir çörəyin qiyməti barədə
«...Onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz».

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Son günlər bəzi firmaların istehsal etdiyi çörəyin 5 qəpik bahalaşdığı bildirilir. Artıq son aylar unun bir kisəsinin də təqribən 3-4 manat bahalaşdığı müşahidə edilir. Bəzi ekspertlər bunun çörəyin də qiymətlərinə ciddi şəkildə təsir edəcəyini düşünürdülər.

Nazir isə əmin edib ki, süni qiymət artımına yol verilmir: «Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda bazar qiymətləri tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin hesablamalar aparılır».

Nazir əlavə edib ki, hazırda çörəyin qiymətində müəyyən edilmiş dəyişiklik gözlənilmir: «Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin».

Report