15:44, 25 Noyabr 2019 (Bazar ertəsi) 66

Nazir müavini: "Özlərini təbiət cəfakeşi təqdim edirlər”

Nazir müavini:
"Ömründə bir ağac belə əkməyənlər, özlərini təbiət cəfakeşi təqdim edirlər”

"2017-ci idə Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən, meşələrin icarəyə götürülməsi məsələsi uzadıldı. Bu vaxta qədər isə meşələrin icarəsi 10 illə məhdudlaşırdı”, - bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

"Elə ağaclar var 5-6 ildən sonra məhsul verməyə başlayır. Bu zaman icarə üçün milyonlarla manat xərcələyən sahibkar üçün meşəni qısa zamana icarəyə götürmək maraqlı olmur. Bu səbəbdən icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə bağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin açılmasına səbəb olur”, - nazir müavini fikrini belə əsaslandırıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədilə düzgün olmayan informasiyalar yayılır.

"Bu məlumatlar onların təxəyyülünün nəticəsidir. Onların da bir neçəsi meşə müəssisələrində işləyib, ordan çıxarılan şəxslərdir. Ömründə bir ağac belə əkməyən şəxslər, özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq bütün şikayətçiləri dinləməyə hazırıq", - deyə F.Əliyev bildirib.

Eko-fəal Cavid Qara Toplum Tv-yə açıqlamasında deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində birillik müqavilə əsasında işləyib və müqavilə müddətinə 2 ay qalmış öz ərizəsilə işdən ayrılıb: "Biz təxəyyüllə yox, qanunun maddələri ilə danışırıq. Onlar qanunun hansı maddəsinə istinad etdiklərini bildirməlidirlər”.

Cavid Qara deyib ki, icarə müqaviləsi 10 ildən 49 ilə uzadılıb və burada aqrobağ salınması nəzərdə tutulmayıb: "Sözügedən ərazilərdə min hektarlarla meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə icarəyə verilməsinin "Meşə fondu torpaqlarının icarəyə verilməsi" Qaydası haqqında Nazirlər Kabinetinin qərarını kobud sürətdə pozması ilə bağlı bizdə əsaslı narahatlıqlar var. Belə ki, sözügedən qərara əsasən ancaq meşə bitkiləri ilə örtülü olmayan ərazilər meşə bərpası məqsədilə icarəyə verilə bilər və bu proses aşkarlıq şəraitində, yerli icmanın maraqları nəzərə alınmaqla , imtiyazlı şəxslərə üstünlük verilməklə baş tutmalıdır. Sözügedən qərarın heç bir maddəsində "aqrobağ” sözü və buna oxşar ifadə işlənməyib. Bağlanmış icarə müqavilələrinə xitam verilməsi üçün yetərincə hüquqi əsasların ortaya çıxıb. Meşə Məcəlləsinə istinadən (maddə 7.) "kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)” meşə fonduna daxil olmayan yaşıllıqlara aid edilir. Həmçinin, aparılan irimiqyaslı kürümə işlərinin meşə qırılması, məşə salınması və ya aqropark adlandırmasından asılı olmayaraq, "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında” Qanuna əsasən,"böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma”, "irimiqyaslı kənd təsərrüfatı (aqroparklar)” fəaliyyyətləri üzrə layihələr "Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”-na daxildir. Bunlardan başqa aqropark salınması ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı hesabat sənədi hazırlanmalıdı”.

Roza Məmmədova