15:18, 07 Noyabr 2018 (Çərşənbə) 111

Nazirdən uşaqpulu təklifinə münasibət

Nazirdən uşaqpulu təklifinə münasibət
Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

"Report"un xəbərinə görə, o, Milli Məclisin bəzi komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil.

"Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər", - nazir deyib.

Artıq bir neçə gündür parlamentin komitələrində 2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilir.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Layihədə neftin bir barreli 60 dollar götürülüb.

Azərbaycanda yeni doğulan uşaqlara 90 manat civarında birdəfəlik müavinət verilir. Bir çox ekspertlər buna tənqidi yanaşır. Onlar yəni dünyaya gələn 1-ci, 2-ci, 3-cü və sairə körpələrə fərq qoyulmamasını doğru hesab etmirlər.

Azərbaycanda müəyyən yaş həddinə qədər hər ay uşaqpulunun verilməsi ünvanlı sosial yardımın tətbiqinə başlandıqdan sonra (2006-cı il iyulun 1-dən) dayandırılıb.

Son illər ölkədə ünvanlı sosial yardım alanların sayının da azaldığı bildirilir.