18:29, 15 Aprel 2019 (Bazar ertəsi) 210

Nazirlər bir sıra məsələlərdə razılığa gəliblər

Nazirlər bir sıra məsələlərdə razılığa gəliblər
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Moskvada gerçəkləşən Qarabağ danışıqları ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak ediblər.

«Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Azərbaycan prezidenti və Ermənistan baş nazirinin martın 29-da Vyanada baş tutmuş görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib», - XİN qeyd edir.

Məlumata görə, görüşdə münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb.

XİN həmçinin qeyd edir ki, nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər.

Məlumatda o da vurğulanır ki, görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.

Görüş nəticəsində Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və ATƏT-in həmsədrlərinin birgə bəyanat qəbul etdiyi bildirilir.