18:43, 20 Sentyabr 2019 (Cümə) 841

Nazirlərin görüş yeri və vaxtı açıqlanıb

Nazirlərin görüş yeri və vaxtı açıqlanıb
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-si Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. 

Ertəsi gün onun Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla bir araya gələcəyi bildirilir. 

Bu barədə xəbəri  Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 20-də yayıb.

Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan indiyəcən 7 dəfə görüşüblər. Onlar 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, bu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.