16:40, 24 Oktyabr 2020 (Şənbə) 194

Nazirlərin Vaşinqton görüşü: sülh, yoxsa müharibə?

Nazirlərin Vaşinqton görüşü: sülh, yoxsa müharibə?
Azərbayxan və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşləri, saatlarla davam edən danışıqlar, əməl olunmayan humanitar atəşkəs razılaşmaları, böyük dövlətlərin nəticəsiz qalan barışıq çağırışları Qarabağ münaqişəsinin həllində danışıqlar yolunun hələ ki faydasız olduğunu göstərdi.

Ardınca Mayk Pompeodan təklif gəldi - ABŞ-ın dövlət katibi nazirləri Vaşinqtona dəvət etdi.

Bu görüş əvvəlkilərdən fərqli nəticələrə gətirib çıxara bilərmi?

Politoloq Azər  Qasımlı deyir ki, Vaşinqton görüşü iki əsas məticəyə hesablanıb: "Rusiya bir addım atdı, atəşkəsə nail olmağa çalışdı. Ən azından bunu nümayiş etdirdi. Həm də Türkiyəyə mesaj vermək istədi ki, bu prosesdə əsas moderator özüdür.  
ABŞ tərəflərin görüşünü təşkil etməklə Ruiyadan geri qalmadığını göstərməyə çalışır, o da proseslərin içindədir - birinci məqsəd budur. Axı Amerika Minsk qrupunun həmsədrlərindən biridir, yəni prosesdə iştirakı vacibdir. Amma Amerika atəşkəsə nail olmayacağını da bilir”. 
 

A.Qasımlının sözlərinə görə, əslində, Rusiyanın da məqsədi atəşkəsə nail olmaq deyil, çünki rəsmi Moskva da bunun mümkünsüzlüyünün fərqindədir:
"Aəşkəs ermənilərə sərf edir,  Azərbaycansa qalib tərəf kimi danışıqlar masasında şərtlərini sərtləşdirib. Ermənistan bu şərtlərlə razılaşa bilməz, çünki razılaşan hökumət hakimiyyətdən getmək məcburiyyətilə üzləşər. Paşinyan da buna görə qəbul etmir".

Azər Qasımlı deyir ki, Vaşinqton görüşünün təşkilində Tramp administrasiyasının ikinci məqsədi ABŞ-da yaşayan ermənilərə "Baxın,  biz atəşkəsə nail olmaq istəyirik, müəyyən işlər görürük, boş durmuruq” mesajı verməkdir.

Siyasi fəal Bəxtiyar Hacıyev də hesab edir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu prosesdə rol aldığını göstərməli idi: 
"Moskvada bir neçə görüş keçirilirkən ABŞ kənarda qala bilməzdi, formal da olsa, təşəbbüs göstərməli idi".  
 

Görüşün ermənilərin xeyrinə bitmədiyini düşünən B.Hacıyev Ermənistanın beynəlxalq aləmdə dəstəyini itirdiyini düşünür:
"Artıq Rusiya və ABŞ da bu ölkəni birmənalı dəstəkləmir. Hətta ilk Ermənistanın xeyrinə bəyanatlar səsləndirən Fransa sonradan müəyyən qədər neytrallaşdı. Beynəlxalq ictimaiyyət görür ki, sülh istəyən tərəf həmişə Azərbaycan olub, danışıqları pozan tərəfsə Ermənistan. ABŞ-ın maksimum edə biləcəyi iş sülhə çağırış ola bilər ki, onu da edib.  Ermənistan artıq bütün beynəlxalq dəstəyini itirib”.
 
Amerika prezidenti Donald Tramp 23 oktyabrdakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
 "Republicword.com" saytının xəbərinə görə, Tramp ABŞ-da xeyli sayda erməni yaşadığını və administrasiyasının onlara kömək edəcəyini deyib:
"Bizim Ermənistanla çox yaxşı münasibətlərimiz var. Onlar çox yaxşı, çox sadiq insanlardır. İnanılmaz insanlardır”.

Azər Qasımlı Trampın bu təriflərini ciddi qəbul etmir, deyir ki,  ABŞ prezidenti ermənilərin başını sığallayır ki, erməni əsilli amerikalılar ona səs versinlər:
"Ciddi bir söz deməyib. Deyib ki, biz istəmirik ermənilər ölsün, çalışarıq ki, ermənilərə yardım edək”.  
B.Hacıyev Trampın ABŞ-da 10 gün sonra keçiriləcək prezident seçkilərində erməni seçicilərin  və erməni lobbisinin  dəstəyini qazanmaq istədiyini, təriflərin məhz buna hesablandığını deyir.

Aytac Məmmədova