12:31, 07 Oktyabr 2019 (Bazar ertəsi) 197

Nazirlik küləkli hava ilə bağlı məlumat yayıb

Nazirlik küləkli hava ilə bağlı məlumat yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb. 

Məlumata görə, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib.

Küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 m/s-yə çatıb.

Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-22 m/s təşkil edir, dalğanın hündürlüyü 3 metrədək yüksəlib.

Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin 25-30 m/s, bəzi yerlərdə isə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti 15-20 m/s, arabir 23 m/s olacaq, səhər isə mülayimləşəcək.