17:04, 04 Yanvar 2019 (Cümə) 192

Nazirlikdən dəm qazı xəbərdarlığı

Nazirlikdən dəm qazı xəbərdarlığı
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

FHN-in rəsmi saytında yayılan müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması təhlükə yaradır.

«Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir», - nazirlik bildirir.

Müraciətdə yazılır ki, ilk növbədə qaz cihazı saz və standartlara uyğun quraşdırılmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Üstəlik, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər açılmalıdır.

«Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir», - deyə FHN qeyd edir.

Nazirlik bildirir ki, dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarılmalı, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad olunmalı, təcili tibbi yardım çağırılmalıdır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən hələ ötən (2018) ilin sonlarında bildirmişdilər ki, payız mövsümündə 46 nəfər dəm qazından zəhərlənib.