21:58, 18 Aprel 2019 (Cümə axşamı) 190

Ermənistan XİN Elmar Məmmədyarovu tələsməkdə günahlandırır

Ermənistan XİN Elmar Məmmədyarovu tələsməkdə günahlandırır
Hələlik razılaşdırılmamış görüşün carçısı olmaq cəhdi qarşılıqlı etimada əsaslanan normal iş şəraitinin formalaşmasına şərait yaratmır.
 
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun ABŞ-ın nazirlərin növbəti görüşünü Vaşinqtonda keçirmək təşəbbüsü haqqında bəyanatını şərh edərkən bildirib.

"Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində hər bir görüş təsdiq edildikdən sonra görüş barədə razılaşdırılmış qaydada məlumat verilir. Həqiqətən, əvvəlki görüşlərin coğrafiyası nəzərə alınmaqla, həmsədr ölkələrdən birində görüş keçirilməsi ehtimalı dəyərləndirilir. Bu məsələ hələlik müzakirə mərhələsində olduğuna görə birtərəfli anonslardan və açıq danışıqlar üslubundan uzaq durmaq lazımdır. Bundan başqa, həmsədr ölkələrdən birində görüş keçiriləcəyi haqqında bəyanat vermək proses iştirakçılarına və ilk növbədə həmin həmsədr ölkəyə qarşı hörmətsiz münasibətdir",-deyə Naqdalyan qeyd edib.

O, həmçinin Məmmədyarovun Moskva görüşündə nazirlərin 2016-cı ilin hansısa nizamlama proqramını müzakirə etdikləri barədə sözlərini təkzib edib. "Görüşün yekunlarına görə görüşdə iştirak edən tərəflərin birgə bəyanatı dərc edilib, bütün müzakirə olunan mövzular burada əksini tapıb. Birgə bəyanatlar məhz bütün görüş iştirakçılarının razılaşdırdığı formulların ümumiləşdirilməsi məqsədilə verilir. Razılaşdırılmış formullardan kənar, onlara zidd bəyanatlar, xüsusən uydurmadırsa və həqiqətə uyğun deyilsə, qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaratmır. Hazırda hər hansı proqram əsasında danışıqlar aparılmır",-deyə Naqdalyan bildirib. 
 
Turan İA