13:26, 08 Avqust 2019 (Cümə axşamı) 77

Neft Fondu gəlirlərini açıqlayıb

Neft Fondu gəlirlərini açıqlayıb
Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib.

Bu barədə  avqustun 8-də Fondun yaydığı açıqlamada bildirilir. Bunun 5.16 milyard dolları bu il əldə olunub.

Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.

Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146.069 milyard dollar gəlir əldə edib.

Bu il iyunun 30-na olan məlumata görə, Fondun aktivləri 42.464 milyard ABŞ dollarına bərabərdir.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 146 milyard dollar vəsait daxil olduğu deyilir. Bu vəsaitlərin böyük hissəsinin büdcəyə transfert olunduğu, yerli və beynəlxalq layihələrin icrasına sərf edildiyi bildirilir.

Müxalifət partiyaları isə iddia edir ki, həmin vəsaitin böyük bir hissəsi korrupsiyanın yemi olub. Hərçənd, rəsmilər bu iddianı qəbul etmirlər.