17:36, 19 Dekabr 2018 (Çərşənbə) 645

Neft Fondunun büdcəsi prezidentə göndərilib

Neft Fondunun büdcəsi prezidentə göndərilib
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2019-cu il üzrə büdcəsinin layihəsi məqbul sayılıb. Fondun Müşahidə Şurasının iclasında büdcə layihəsinin təsdiqlənməsindən ötrü prezidentə göndərilməsi qərara alınıb.

Bu haqda ADNF-nin dekabrın 19-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, toplantıda Hesablama Palatasının rəyi nəzərə alınmaqla ADNF-nin 2019-cu il üzrə büdcə layihəsinə, Fondun idarə edilməsi ilə bağlı xərclərə dair məlumatlara baxılıb.

ADNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 mlrd. 450.1 mln. manat, xərclərinin isə 11 mlrd. 595.2 mln. manat müəyyən edilməsi məqbul sayılıb. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 30.9 mln. manat müəyyən olunub.

Sənədlər təsdiq olunmaqdan ötrü prezidentə göndərilib.

Ancaq bəzi ekspertlər indidən layihəni tənqid etməkdədirlər. Onlar deyirlər ki, bu büdcə layihəsi neftin bir barelinin 60 dollar götürülməsinə əsasən hazırlanıb. Hazırda neft 60 dollardan ucuzdur.

ADNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956.2 min manat, xərcləri isə 9 mlrd. 730 mln. 221.8 min manat məbləğində təsdiq edilmişdi.

Gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməlidir. Yerdə qalan məbləğ isə əsasən bonuslardan, neftin, qazın ölkə ərazisi ilə ötürülməsindən və Dövlət Neft Fondunun idarə olunmasından qazanılmalıdır.