10:53, 05 Dekabr 2018 (Çərşənbə) 108

“Neft sektoru iş yerləri yaratmır” - İlham Əliyev

“Neft sektoru iş yerləri yaratmır” - İlham Əliyev
Dekabrın 4-ü axşam Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel-2018”) ilə tanış olan prezident İlham Əliyev Rusiyanın "Rossiya 24” televiziya kanalına müsahibə verib. Dövlət başçısı deyib ki, neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı əsas vəzifədir: "Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Azərbaycanda investisiya, biznes mühiti yaxşılaşır. Dünya Bankının bu haqda son hesabatına görə, Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkəti var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.

Biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun”.

Sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Novator.az