10:35, 18 Fevral 2020 (Çərşənbə axşamı) 69

Neft Şirkətinin yaralanan əməkdaşları evə buraxılıb

Neft Şirkətinin yaralanan əməkdaşları evə buraxılıb
Özüldə baş verən hadisə 3 nəfərin xəsarət almasına səbəb olub

Dövlət Neft Şirkətinin 28 May adına NQÇİ-nin 10 saylı özülündə qaz xəttinin üzərindəki siyirtmə açılarkən parçalanıb. Nəticədə özülün 3 işçisi xəsarət alıb. Hadisə fevralın 14-də baş verib.

MeydanTV xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, yaralanan Qabil Abbasov, Məhəmməd İbrahimov və hələlik adı açıqlanmayan özül işçisidir. Hadisəyə səbəb siyirtmənin nasazlığı olub. Yaralananlardan biri neftqaz ölçü cihazları sexinin çilingəri, digəri neftqaz hasilat operatorudur. Onlar xəstəxanaya yerləşdirilib.

"Məsələ ondadır ki, siyirtmənin açılıb-bağlanması, təmiri yaralanan işçilərin vəzifəsi deyil. Təşkilatımıza daxil olan məlumatda deyilir ki, 2017-ci ildə aparılan ixtisar zamanı çilingər ixtisası ləğv olunub”-, Qəhrəmanlı söyləyib. Onun sözlərinə görə, neft şirkətində baş verən yaralanma və ölüm hadisələrinə görə indiyədək heç bir vəzifəli məmur cəzalandırılmayıb.

Təşkilat rəhbəri deyib ki, fevralın 12-də isə Neft Daşları NQÇİ-nin geoloqu Tural Bağırovun intiharı ilə bağlı xəbər yayılıb: "Təşkilata daxil olan məlumata görə Tural Bağırov şüşə ilə qolunu doğrayaraq intihara cəhd edib. Məlumatda deyilir ki, Bağırov bundan əvvəl Neft Daşlarında ona təzyiqlər edildiyi və buna görə də intihar etmək istədiyi ilə bağlı Azneft İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynova teleqram vurub. Hüseynov ərizənin araşdırılması üçün hüquq şöbəsinə göndərib. Hüquqşünas isə Turala bildirib ki, onun səs yazısını yaza və gizli çəkiliş apara bilər. Ona görə soyunmasını tələb edib. Tural gödəkçəni və üst köynəyini çıxarıb”. Qəhrəmanlı bu hadisə ilə bağlı ciddi araşdırılma aparılmasını istəyir.

Dövlət Neft Şirkəti hər iki hadisə barədə açıqlama vermək istəməyib.

Mərkəzi Neftçilər Xəstəxanasından Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etməyimizi məsləhət biliblər. TƏBİB-in mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, 3 nəfərdən ikisinə fevralın 14-də ambulator yardım göstərilib və evə buraxılıb. Bir nəfər isə fevralın 18-də evə buraxılacaq, vəziyyəti qənaətbəxşdir.

Buradaykən …