18:11, 25 Noyabr 2018 (Bazar) 879

Neft ucuzlaşır, manatın taleyi necə olacaq?

Neft ucuzlaşır, manatın taleyi necə olacaq?
Azərbaycanda 2019-cu ilin büdcə layihəsində neftin baza qiyməti 60 dollar götürülüb.

İqtisadçı Qubad İbadoğlu deyib ki, neftin büdcədə  baza qiyməti 40 dollardan hesablanmalıdır. 

O bildirib ki, dünya bazarında "Brent" markalı neftin 1 barelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb.

İqtisadçı deyib ki, neftin qiymətinin ucuzlaşmasının başlıca  səbəblərindən biri bazarda təklifin artmasıdır: "Belə ki, hazırda  gündəlik hasilat ABŞ-da 11,7 milyon  barrel, Rusiyada 11,2 milyon barel, Səudiyyə Ərəbistanında 10,7 milyon barrel təşkil edir.  Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barel artırıb".
 
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda gündəlik neft hasilatı 800 min bareldir.  

Onun sözlərinə görə, neftin daha da ucuzlaşacağına dair ciddi səbəblər var: "Oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barel olub. Bununla yanaşı, ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı da aşağı salıb. Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır. Bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasılata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır. Gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu  proseslər neftin daha da ucuzlaşacağına dair  proqnoz verməyə ciddi əsaslar yaradır".

İqtisadçı deyir ki, dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişi Azərbaycan üçün də yaxşı perspektiv vəd etmir: "Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barel 60 dollar həddindən aşağıdır. Hazırda Brent markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir. Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır".

"Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin  bu mənbədən gəlirinə də düzəliş olunmalıdır. Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə  manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək", - iqtisadçı bildirir.

Samirə Əliyeva