18:51, 29 May 2019 (Çərşənbə) 105

"Neftdən gələn gəlirin 25 faizi gələcək nəsillər üçün saxlanılmalı idi" - Natiq Cəfərli

 
 
"Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır"
 
 
"Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir.Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir".

Bunu Prezident İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında deyib.

Xəbəri "Report" yayıb. 

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, neft Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. 

Ekspert bildirib ki, Azərbaycanın var olma səbəbi də neftdir: "Bu isə bizə hökumətin yox, təbiətin verdiyi nemətdir. Büdcənin formalaşmasının 65 faizi neftdən asılıdır. 90-cı illərdə bağlanmış müqavilələr və bu müqavilələrdən gələn gəlir ölkə iqtisadiyyatının əsas inkişaf etmə səbəbidir. Əgər bu gəlir olmasaydı, ölkə iqtisadiyyatı bugünkü səviyyədə olmazdı. Neft Fondunun yaradılması isə  Azərbaycanla beynəlxalq qurumların birgə danışığının nəticəsində oldu. Neft hasil edən ölkələrin əksəriyyətində bu təcrübə var idi və belə bir qurum həmçinin Azərbaycanda  yaradıldı”.

Ekspertin sözlərinə görə, Azərbaycanın neftdən asılılığını azaltmaq lazımdır: "Neft Fondunun yaradılması ilə əlaqədar bəzi suallar hələ də cavabsız qalıb. Əsasnamədə qeyd olunub ki, neftdən gələn gəlirin hər il  25 faizi gələcək nəsillər üçün saxlanılmalı idi. Amma son beş ildə əldə olunan gəlirin demək olar ki, hamısı xərclənib. Hökumət tərəfindən bu məbləğin xərclənməsinə heç bir məhdudiyyət qoyulmayıb. Bu isə  doğru deyil. Düşünürəm ki, Neft Fondundan hökumətin istifadə etmə imkanı məhdudlaşdırılmalıdır. Əgər belə olsa hökumət tənbəlləşməzdi, digər sahələrin inkişafına da ciddi diqqət ayırardı.İndi hökumət Neft Fondundan əldə olunan gəlirə arxalanaraq büdcənin formalaşmasında əziyyət çəkmir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatında neftin rolu böyükdür. Çalışmalıyıq ki, bu rol, yəni neftdən asılılıq azalsın. Təəssüf ki, biz bunu görə bilmirik. Əslində, yeni neft stategiyasının əsas məqsədi Azərbaycanın neftdən asılılığını azaltmaq idi, amma biz bunun əksini gördük”.

İqtisadçı hesab edir ki, neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunda rəqabətli mühit qurulmalı, ədalətli məhkəmə sistemi, xarici investrorun maneəsiz ölkəyə daxil olmasına şərait yaradılmalıdır: "Neftdən  asılılığın azaldılması məsələsi  təkcə iqtisadi addımlarla həll edilə bilməz. Eyni zamanda, idarəetmədə, məhkəmədə islahatlar aparılmalıdır ki, ciddi nəticə əldə olunsun”.

Lalə Tağızadə