19:47, 21 Aprel 2020 (Çərşənbə axşamı) 1077

"Neftin ucuzlaşması Azərbaycana ciddi təsir edəcək" - MÜSAHİBƏ

Aprelin 20-də gecə saatlarında ABŞ-ın Nyu-York şəhərindəki "Nyumex" əmtəə birjasında WTI markalı Qərbi Texas  neftinin dəyəri sürətlə düşməyə başlayıb. Belə ki, 1 barel neftin qiyməti 17 dollardan 0-a, bir müddət isə -34 dollara kimi çatıb. 

Belə bir halın tarixdə ilk dəfə olduğu deyilir. 

Mövzu ilə bağlı Toplum TV iqtisadçı Toğrul Maşallıya suallar ünvanlayıb: 
 
- Toğrul bəy, dünən gecə saatlarında baş verən neftin qiymətinin bu qədər düşməsinin səbəbi nə idi? 

- Məsələ ondan ibarətdir ki, düşən neftin  bir növ idi, yəni neft fyuçerslərlə satılır. Bu fyuçerslərin bir növünün son dövrü idi. Mayda reallaşdırılan müqavilə dövrü bitirdi. Yəni 21 apreldən sonra artıq bu müqaviləni heç yerə sata bilmyəcəkdilər. Kimin əlində müqavilə var idi, yəni istehlakçı yox, ortada olan vasitəçilər - təcili olaraq müqavilələri satırdılar. Təcili olaraq satanlar isə ya pulsuz verirdilər, ya da hətta üstünə əlavə ödəniş edirdilər.  

- Bəs bu düşüş uzunmüddətli idi, yoxsa qısamüddətli? 

- Bu, qısamüddətli düşüşdür. Yəni aprelin 21-i müddət bitir. Mayın 1-dən 31-nə kimi çatdırılan neftin müqavilə müddəti aprelin 21-i bitir. Yəni aprelin 21-nə kimi müqavilə tapılmasa, bu nefti özün gedib götürməlisən. 

- Neftin qiymətinin aşağı düşməsinin dünya iqtisadiyyatına təsiri olacaqmı? 

- Təsiri olacaq. Bu, birbaşa göstərir ki, istehlak azalıb. Artıq heç kim bilmir ki, bu qiymətlə nə etsin. Neft çoxdur, amma istehlak azalıb. Bu da digər neftlərə effekt verir. 

- Bəs Azərbaycana necə təsir edəcək bu? 

- Neftin ucuzlaşması Azərbaycana ciddi təsir edəcək. Neftdən asılı ölkə olduğu ciddi iqtisadi böhranla üzləşə bilər. Bu gün də görürsünüz ki, Azərbaycan neftinin qiyməti yavaş-yavaş aşağı düşür. Dünya üzrə bütün istehlakçılar neftdən asılılığı azadıblar. Lakin satıcılar problemlə üzləşirlər. Çünki öz neftlərini sata bilmirlər. Sata bilmədiyi halda isə dəyər aşağı düşməyə başlayır ki, sadəcə, kimsə alsın. Eyni proses Azərbaycan nefti ilə bağlı da baş verir.  

Aprelin 21-nə olan məlumata görə, Dünya bazarında Azərbaycan nefti olan "Azeri Light" (CIF) markalı neftin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları azalaraq 21,3 dollar təşkil edib. 

Elmar Əziz