10:57, 18 Aprel 2020 (Şənbə) 1569

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşma COVID-9 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər nəticəsində neftə tələbatın azalmasını dayandırmayacaq.

Məlumata görə, istehsalçılar nefti aşağı tariflə satmalı olacaqlar. Üstəlik, hasilat aprel ayının axırınadək azalmayacağı üçün neft kəmərləri və anbarların dolması ilə bağlı istehsalın tamamilə dayandırıla biləcəyi də qeyd olunur.

İqtisadçı ekspert Natiq Cəfərli Toplum TV-yə bildirir ki, neftin qiymətinin yüksəlməməsinin səbəbi dünyada uyğulanan karantin rejimidir: "Yəni 4 milyarda yaxın dünya əhalisi hazırda karantindədir. Təyyarə səfərlərinin 90%-dən çoxu təxirə salınıb. Karantin olan ölkələrdə avtomobil istifadəsi yarıbayarı aşağı düşüb. Bu da neftin istehlakını aşağı salır. Neftayırma zavodlarında da iş həcmi kəskin şəkildə azalıb. Bütün bunlar neft istehlakını azaldan əsas faktorlara çevrilib. Neft istehlakı azalırsa, deməli, neftə olan tələbat azalır. Neft istehsalçıları 9,7 barel neftin hasilatını azaltması ilə bağlı qərar verdilər. Dünya hazırda olan tələbat istehlakın azalması təqribən 20-25 milyon bareldir. Yəni azalan neft kifayət etmir ki, artıq neft bazardan yığılsın. Ona görə də bununla bağlı problemlər yaşanır. Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi təlabatın azalmasıdır”.

 
İqtisadçı deyir ki, neft artıq ucuzlaşıb və bu Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. "Azərbaycan nefti bu gün 22-25 dollara satılır. Neftin ucuzlaşması iqtisadiyyata təsir edib və bundan sonra da ciddi təsirləri olacaq. Valyuta ehtiyatlarının azalmasından tutmuş ticarət dövriyyəsindəki saldonun mənfi istiqamətdə dəyişməsi ilə bağlı da Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəricilərində problem yaşanacaq" - Natiq Cəfərli deyir.

Şəmsiyyə İbişova