16:28, 06 Avqust 2019 (Çərşənbə axşamı) 114

Nemət Əliyev: “Rəsmilər reallıq hissini itiriblər”

Nemət Əliyev: “Rəsmilər reallıq hissini itiriblər”
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, meyvələrin qiyməti bu ilin ilk 6 ayında 6,5 faiz ucuzlaşıb.

DSK ölkə üzrə inflyasiya göstəricisini də hesablayıb və rəsmi məlumata görə, istehlak malları bu il 2,5 faiz bahalaşıb.

İqtisadçı Nemat Əliyev isə rəsmi məlumatlardan yola çıxaraq istehlak bazarında hesablamalar apardığını deyir.

Ekspertin hesablamalarına görə, təkcə 30 faiz bahalaşan idxal malları hesabına ümumi məhsul bazarları 14 faiz artıb. Ümumi istehlak bazarları isə 11 faizdən çox bahalaşıb. 

İqtisadçı deyir ki, yerli malların qiymət artımının təsirini də buraya əlavə etsək, o zaman bahalaşma səviyyəsinin daha yüksək olması üzə çıxar: "Əgər bu ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirlərinin 6,6 faiz artmasını nəzərə alsaq, onda əhalinin alıcılıq qabiliyyətinin azı 4,4 faiz pisləşməsi məlum olur”.

Ekspert DSK-nın statistikasını "ağ yalan” adlandırıb: "Çünki bu il meyvələrin qiymətlərində yaşanan bahalaşmadan xəbər tutmayan qalmayıb. Məhz bahalaşma səbəbindən əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi. Bu üzücü vəziyyət indi də davam etməkdədir. "Dövlət başçısı İlham Əliyev isə reallıqla əlaqəsi olmayan bu cür rəqəmlərə istinad edərək deyir ki, "bu yaxşı göstəricidir”. Amma bilmək lazımdır ki, bu sayaq "yaxşı göstərici”lərlə bir addım da irəli getmək mümkün deyil”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov  isə deyir ki, kənd təsərrüfatı məhsulları satılan paytaxt bazarları ilə rayonlardakı qiymətlər arasında 2 dəfəyə yaxın fərq var: "Əvvəlla, yaz aylarındakı iqlim şəraiti səbəbindən məhsul istehsalı proqnozlaşdırılandan daha az oldu. İkincisi, baryerlərə baxmayaraq Rusiya bazarı hələ də cəlbedicidir”.

Ekpert qiymətlərin optimallaşdırılması üçün nələrə ehtiyac olduğunu sadalayıb: "Əvvəlla, ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla məhsul istehsalının regional paylaşdırılmasına nail olmaq lazımdır. Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu də qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır”. 

İqtisadçı əlavə olaraq paytaxtda daha çox fermer bazarlarının yaradılmalı olduğunu deyir: "Bu fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. "Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur”. 

Vüqar Bayramov onu da vurğulyıb ki, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır: "Rəqabətə nail olmaq lazımdır. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümü təşviqi həyata keçirilməlidir”.

Uğur Fərzəli