15:14, 23 Oktyabr 2019 (Çərşənbə) 609

Nərmin Şahmarzadəyə hökm oxundu

Nərmin Şahmarzadəyə hökm oxundu
Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan psixoloq 400 saat ictimai iş görəcək.

Oktyabrın 23-də Xətai Rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan Nərmin Şahmarzadə ilə bağlı qərar çıxarılıb.

Hakim Cavid Hüseynov psixoloqun  400 saat ictimai iş görməsi haqqında qərar qəbul edib. 

Nərmin Şahmarzadə öz "Facebook” hesabında bununla bağlı paylaşım edib: "Məhkəmənin qərarını (400 saat ictimai iş) adil hesab etmirəm, çünki sonuncu hakimdən əvvəlki 2 fərqli hakim işə xitam vermişdi. Lakin hakimlərə sosial şəbəkələr vasitəsilə təzyiq etməyə cəhd etdilər. Hətta dedilər ki, ikinci hakimlə çay içmişəmmiş, lakin hakimi sadəcə məhkəmədə görmüşdüm. Bu hakimə də təzyiq var idi. Məhkəmənin önünə prezidentin şəkli ilə gəlmək, toplu halda replikalar, sosial şəbəkələrdə "hakim Nərmindən qorxur" fikirləri və s. Mən hakimi anlayıram, lakin qərarını ədalətli saymıram. Həmçinin linqvistik rəy çox bərbad idi. Bir dilçi o səviyyədə rəy yaza bilməzdi, zənnimcə”.

Psixoloq bildirib ki, 400 saat ictimai işə gəldikdə, bunla bağlı şikayət edəcək. Təmin edilməsə belə, iş Avropa Məhkəməsinə qədər gedəcək: "Çünki bu, vətəndaşın ifadə azadlığının əngəllənməsidir, şəxsi fikrini ağzından, barmaqlarından çıxarmamağa sövq etməkdir. Qərar qüvvəyə minsə də, süpürmək, nə isə əkmək və s. təklif edilsə, əgər öz seçimim olsa, elə ancaq küçə süpürməyi seçəcəyəm. Çünki küçə süpürmək ayıb bir şey deyil. Bunu ayıb hesab etmək, süpürgəçi insanların əməyini və şəxsiyyətini alçaltmaq deməkdir. Ayıb bilirsiniz nədir? O süpürgəçilər 150 manata işləyəndə, onları magistral yollarda maşın vuranda vətəndaş olaraq narahat olmamaq, etiraz etməməkdir. Ayıb qışda texnika əvəzinə onların dona-dona qarı təmizləməsidir. Onlar o qarı təmizləyəndə biz nə edirik? Evimizdə isti çay içirik. Problem bax buradadır”.

N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı paylaşımdan bir neçə gün sonra "Facebook” hesabından canlı yayım edərək, Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

N.Şahmarzadənin cinayət məsuliyyətinə cəlb olunması üçün Milli Qəhrəmanın anasından başqa Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev və vəkil Ramil Rüstəmov da məhkəmədə iddia qaldırmışdı. Lakin onlar M.İbrahimovun yaxın qohumu olmadığından iddiaları icraata götürülmədi. 

Vəkil R.Rüstəmov daha sonra Ş.İbrahimovanı məhkəmədə təmsil etdi.

Roza Məmmədova