14:05, 23 Sentyabr 2019 (Bazar ertəsi) 16482

Nəsimi Məmmədli: "Hakimiyyət açıq dialoqdan, azad seçkidən çəkinir"

Nəsimi Məmmədli:
Son vaxtlar Azərbaycan gündəminin əsas müzakirə mövzuları hakimiyyətin dialoq çağırışları və hakim partiyaya məxsus şəxslərin bir-birinə ünvanlanan ittihamları oldu. Eyni zamanda müxalifət partiyalarının mitinq tələbləri və seçki müzakirələri də bu mövzulardandır. 

Toplum.Tv bu mövzularla bağlı siyasi şərhçi Nəsimi Məmmədliyə suallar ünvanlayıb. Həmin müsahibəni təqdim edirik: 

- Son vaxtlar dialoq çağırışları və hakim partiyaya məxsus şəxslərin bir-birinə ünvanlanan ittihamları nədən xəbər verir? Məsələn, Siyavuş  Novruz keçmiş nazirlərin hansınınsa mühacirləri maliyyələşdirməsini, Eldar İbrahimov hakimiyyət daxilində satqınların olduğunu deyir. Hakimiyyət daxilində nə baş verir?

- Hakim partiya faktiki olaraq ölkənin ictimai-siyasi həyatında ciddi siyasi nüfuza malik deyil. Hakimiyyətin bürokratik aparatının davamı və inzibati idarəetmənin ən zəif həlqəsi kimi görünür. Faktiki olaraq bu siyasi partiyanın vəzifəsini polis icra edir. İctimai rəydə siyasi partiya kimi nüfuzunu itirməkdə olan YAP-ın hakimiyyətdaxili proseslərdə də oyundankənar vəziyyətə düşməsi istisna olunmur. Ola bilsin ki, hakimiyyətin yenidən təşkilində rol almaq, ölkədə korrupsiya ilə bağlı mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərmək və kimlərinsə cəzalandırılması ilə cəmiyyətdə güvən yaratmaq planları var. Ancaq hər kəs bilir ki, ölkədəki irimiqyaslı korrupsiyanı həyata keçirən şəxslər iqtidarın dəstəyinə arxalanraq bu işi görüblər. Görünür, elə bir situasiya yaranıb ki, indiyədək bu reallığı dilə gətirməyə çəkinən səlahiyyətli şəxslər artıq bu barədə açıq danışmaq zərurəti hiss edir. 

- Hazırda ölkədə payızda keçiriləcək bələdiyyə seçkilərindən başqa ciddi proseslər də gözlənilmir. Bəs bu təlaşın səbəbi nədir?

- İqtidardakı təlaşın bələdiyyələrə seçkilərlə bağlı heç bir əlaqəsi yoxdur. Son vaxtlar hakimiyyət düşərgəsində gərginlik, narahatlıq, ziddiyyət artmaqdadır. Sanki daxildə təfərrüatlarını bilmədiyimiz hansısa qapalı siyasi prosesə hazırlıq var. Hakimiyyətin inzibati resursları ilə yanaşı ictimai resurslarının da səfərbər edilməsi müşahidə edilir. YAP-ın rəhbərliyinə daxil olan şəxslərin də bəyanatlarında, çıxışlarında, davranışlarında bu amil diqqət çəkir. 

Sosial şəbəkələrin geniş vüsət alması, ictimai rəyə təsirləri yeni reallıqlar ortaya çıxarıb. Bu reallıqlara uyğun olaraq YAP siyasi mövqeyini yenidən bərpa etməyə cəhd edir. Cəmiyyətdə özünə etimad qazanmaq üçün  indiyədək gizlədilən, təkzib edilən problemlər artıq YAP rəhbərlərinin öz dilindən səslənir. Sosial şəbəkələrə qoşulmaqla, müxalifətə qarşı sərt bəyanatlar səsləndirməklə həm də özünün siyasi varlığını iqtidarın ən yüksək rəhbərliyinə göstərməyə cəhd olunur.

- Sizcə, müxalifət bələdiyyə seçkilərində iştirak etməlidirmi?

- Ölkəmizdə Bələdiyyələrə seçkilərə maraq çox zəifdir. Seçilməli olan şəxslərin sayı 15 mindən çox olsa da,  müstəqil və müxalif şəxslər namizədliklərini irəli sürmək istəmirlər. Bunun üç əsas səbəbi var: Birincisi, Bələdiyyələrin statusu olduqca aşağıdır. Bu statusla yerli özünüidarəni səmərəli həyata keçirmək mümkün deyil. İkincisi, seçkilər total saxtalaşdırılır. Yerli icra hakimiyyətlərinin hər bələdiyyə üzrə öncədən hazırladıqları siyahı sadəcə olaraq seçki günü komissiyalar tərəfindən təsdiq edilir. Üçüncüsü isə partiyaların namizəd irəli sürməsi mexanizmləri çox mürəkkəbdir. Çoxsaylı sənədləri toplamadan namizəd irəli sürülməsi mümkün deyil.  Eyni zamanda yerlərdə partiya siyahısı ilə namizəd olan şəxsləri yerli hakimiyyət müəyyən edir və sonra həmin şəxslərə qarşı ayrı-seçkilik siyasəti başlayır. Müxalifət tərəfindən namizədliyi irəli sürülən şəxslər işdən çıxarılır, təqib edilir və  həbs olunur. Ona görə də bu seçkidə ciddi qüvvələr iştirak etmir.

- Milli Şura ayın 28-nə mitinq keçirtmək qərarı verib. Sizcə, mitinqlərə icazə verilsə, bu, proseslərin aktivləşməsinə necə təsir edəcək? 

- Öncə qeyd edim ki, son vaxtlar ölkədə qanunla tənzimlənən toplantılarla yanaşı, qanunla tənzimlənməyən toplantılara da hökumətin açıq müdaxilələri diqqət çəkir. Müxalifətin qanunla tənzimlənən mitinqləri, küçə yürüşləri, piketləri, qurultay və konfransları faktiki olaraq qadağan edilib. Qanunla tənzimlənməyən digər toplantılara və yığıncaqlara da qeyri-rəsmi olaraq imkan verilmir. İqtidarın müxalifətin müəyyən etdiyi yerlərdə mitinqlərə razılaşacağı real deyil. 

Hakimiyyət siyasi vasitələrlə dinc mübarizədə müxalifətə uduzacağından ehtiyat edir. Heç bir media müstəvisində real müxalifətlə qarşı-qarşıya müzakirələrə gəlmir. Açıq dialoqdan, azad seçkidən, siyasi diskussiyalardan çəkinir. Ölkədə mövcud olan sosial-siyasi problemlər narazılığı artırır və etirazlara meyli gücləndirir. Hökumət isə cəmiyyətə daha sərt, zorakı davranışlar nümayiş etdirməyə cəhd edir.  

Hazırda hakimiyyət ölkədə hökm sürən qorxu mühitini daha da dərinləşdirmək üçün əlavə legitim bəhanələr axtarır. Müxalifəti razılaşdırılmayan aksiyalara meylləndirmək üçün psixoloji mübarizə aparır. Müxalifətin fəaliyyətinə qismən məhdudiyyətlər gətirmək, cəmiyyətə zor nümayiş etdirmək üçün fürsət gözləyir. Hakimiyyət çox dəqiq bilir ki, əgər Milli Şuranın mitinqlərinə razılıq verilərsə, bu, cəmiyyətdə fəallığı sürətlə artıracaq və yeni siyasi proseslərin yaranması ilə nəticələnəcək. Odur ki, iqtidar müxtəlif üsullarla cəmiyyətin böyük əksəriyyətini demokratik proseslərdən çəkindirmək və dinc demokratik dəyişikliyə hazırlanmasına sarsıdıcı zərbə vurmaq istiqamətində intensiv iş aparır. 

- Oktyabrın 12-də Müsavat Partiyasında qurultay keçiriləcək. Bu barədə fikirləriniz nədir? Sizcə, bu qurultay cəmiyyətə seçki mühiti ilə bağlı hansısa mesajlar verə bilərmi?  

- Müsavat Partiyası ölkənin köklü müxalifət təşkilatlarından biridir. Onun öz nizamnaməsinə uyğun olaraq növbəti qurultayına hazırlaşmasına ictimai diqqətin olması müsbət haldır. Xüsusilə də ölkənin digər nüfuzlu müxalif təşkilatlarının üzvlərinin bu qurultaya geniş diqqət ayırması təsadüfi deyil. Deməli, cəmiyyətdə bu partiya ilə bağlı müəyyən müsbət gözləntilər var. Əks halda onun ali orqanının toplantısı partiyadan kənarda bu qədər geniş müzakirə olunmazdı. 

Bu müzakirələrin bir səbəbi də partiyanın başqanlığına namizədliyi irəli sürülən şəxslərlə bağlıdır. Bu şəxslər partiya çərçivəsindən kənarda da yaxşı tanınır. Hər biri təcrübəli, intellektual, cəsarətli və müxalif siyasi fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanıblar. Onlar öz mübarizələri ilə örnək yaradıb və hər birinə dərin hörmət bəsləyən çoxsaylı insanlar var.

Müsavat Partiyası üzvlərinin kimi başqan seçməsinə kənardan müdaxilə doğru deyil. Müstəqil müşahidəçi kimi deyə bilərəm ki, kənar müdaxilələrin təsiri və nəticəsi həlledici olmayacaq. Qurultay nümayəndələrinin öz qərarlarını çoxdan qətiləşdirdiklərinə əminəm.

Müsavatla bağlı bir sıra daxili və xarici amilləri, siyasi proseslərdəki yerini və rolunu, partiyanın resurslarını, mövcud ictimai rəyə təsir imkanlarını dərindən təhlil etmişəm. Bu partiya ilə bağlı dolğun qənaətim var. Yeni başqanın seçilməsi, bəlkə də, hansısa kənar qüvvələrə cəlbedici görünür, amma bu, mahiyyətcə elə kənardakı maraqlı qüvvələr üçün də qətiyyən faydalı olmayacaq. 

Mənim qənaətimə görə, indiki siyasi situasiya üçün Arif Hacılının partiyanın başqanı qalması daha yaxşı olar. Bu şəraitdə yeni başqan seçilməsinin nə partiyaya, nə də müxalifətə xüsusi faydalı olacağını zənn etmirəm. Nəzərə almalıyıq ki, A.Hacılının partiya başqanı kimi hələ partiyanı seçkilərdə sınamaq fürsəti də olmayıb.

Məsələlərə obyektiv baxmaq lazımdır. Bu gün müxalif partiyaların zəifləməsini və fəaliyyətsizliyini onun rəhbərlərinə bağlamaq çox ədalətsiz yanaşmadır. Belə götürsək, ölkədə hansı ciddi ictimai-siyasi proses olub ki, Müsavat Partiyası ondan geri qalıb? İqtidar-müxalifət və müxalifətdaxili münasibətlərin indiki mərhələsində əsas müxalifət partiyaları bir-biri ilə süni rəqabətdən qaçmalıdır. 

Müsavatın daxilində keçirilən demokratik seçki nümunəsinin cəmiyyətdə ümumi seçki mühitinə hansısa müsbət töhfə verəcəyini gözləməyə dəyməz. Ölkədə seçki mühitinin yaradılması bütövlükdə cəmiyyətin fəallığından və iştirakçılığından keçir. 

Elmar Əziz