17:03, 26 Sentyabr 2019 (Cümə axşamı) 71

Netanyahu yeni höküməti 6 həftəyə qurmalıdır

Netanyahu yeni höküməti 6 həftəyə qurmalıdır


/ DÜNYA
İsraildə yeni hökumətin qurulması Likud Partiyasının lideri, indiki baş nazir Benyamin Netanyahuya həvalə olunub.

"Novator.az" bu barədə xəbər verib.

Xəbərdə deyilir ki,  koalisiya formalaşdırmaq üçün Netanyahunun maksimum 6 həftə vaxtı var. Əks halda prezident Reuven Rivlin hökumət qurmağı parlamentdə təmsil olunan başqa partiyaya tapşıracaq.

Bu il aprelin 9-da keçirilmiş parlament seçkisində Likud Partiyasını dəstəkləyən sağ mərkəzçi blok üstün gəlsə də, hökumət qurmaq mümkün olmayıb və parlament özünü buraxaraq təkrar seçkiyə qərar verib.

Sentyabrın 17-də yeni parlament seçkisi keçirilib. Nəticələrə görə, Beni Qantsın liderlik etdiyi müxalif Kahol Lavan bloku parlamentə 33 mandatla düşüb.

Likud Partiyası 32 mandat götürüb.

Dörd ərəb partiyasının yaratdığı Birləşmiş Siyahı bloku 13, ŞAS Partiyası 9, İsrail – Bizim Evimiz Partiyası 8, Tora Yəhudiliyi Partiyası və Yamina bloku hərəyə 7, Fəhlə Partiyası 6, Demokratik Düşərgə Partiyası 5 mandat əldə edib.

Hökumət qurmaq üçün 120 nəfərlik parlamentdə 61 mandat tələb olunur. Hazırda Benyamin Netanyahunun parlamentdə 55 deputatın dəstəyini aldığı vurğulanır.

1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2009-cu ildən baş nazirdir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.