18:26, 10 Aprel 2019 (Çərşənbə) 359

"Niyə Azərbaycanda acı soğan şirin almadan bahadır?” - Qubad İbadoğlu şərh edir

Nazirlər Kabinetinin ixraca yeni rüsumlar tətbiq edən 5 aprel tarixli qərarı bir çox rayonda etirazlara səbəb olub. 

Nazirlər Kabinetinin müvafiq qərarı soğan və kartofun qiymətini aşağı salsa da, həmin tərəvəzlərin satışı ilə məşğul olan əhali arasında narazılıqla qarşılanıb.

İqtisadçı ekspert Qubad İbadoğlu "Niyə Azərbaycanda acı soğan şirin almadan bahadır?” sualına öz sosial şəbəkə hesabından cavab verməyə çalışıb.

Ekspert ötən 5 il ərzində soğan istehsalının müsbət olduğunu və ötən il tədarük olunan soğanın daha çox hissəsinin ölkədə qaldığını bilidirib: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton təşkil edib ki, bu da 2017-ci ildən 25 min 503 ton çoxdur. Müqayisə üçün qeyd edim ki, ölkədə 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona soğan tədarük olunub. Göründüyü kimi, ötən 5 il ərzində soğan istehsalında artım müsbət olub. Maraqlı dəyişikliklərdən biri də odur ki, ötən il əvvəlki ilə nisbətən istehsal artsa da ixrac azalıb. Yəni 2017-ci ildə ixrac 56 min 612 ton təşkil etdiyi halda bu göstərici 2018-ci ildə 40,6 min tona qədər azalıb. Deməli ötən il tədarük olunan soğanın daha çox hissəsi ölkədə qalıb”.

Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bildirib ki, 2018 ci il ötən illə müqayisədə soğan istehsalı 40 min ton artıb: "Ölkəyə 2018-ci ilin 3 rübündə 246,5 ton, 2017-ci ildə isə 2188 ton soğan idxal olunub. İstehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646 ton 500 kq, 2017-ci ildə isə 153 min 073 ton soğan daxili istehlaka yönəlib. Bu isə o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kq, 2018-ci ildə isə 19,4 kq soğan yeyilib”.

Ekspert qeyd edib ki, ölkədə ötən il əvvəlki illə müqayisədə nədən soğanın çox yeyilməsinin izahatını vermək çətindir. Rəsmi rəqəmlərin təhlili göstərir ki, ötən il soğana tələbatın artımı qiymətin bahalaşmasında əhəmiyyəti rol oynayıb:  "Bununla bağlı hökümətin gördüyü tənzimləmə tədbirlərinə gəlincə, soğanın idxalına 2016-cı ilin oktyabrından etibarən hər 1 kiloqram soğanın idxalına tətbiq edilən köhnə rüsumun ləğvi, eləcə də hər 1 kq soğanın ixracına 2019-cu iln aprelin 1-dən mayın 31-dək tətbiq edilən yeni rüsumun tətbiqinə dair Nazirlər Kabinetinin müvafiq qərarları ən azı 3 ay gecikmiş hesab olunmalıdır. Çünki, bu ilin ilk 2 ayında Azərbaycanda 7 min 300 ton soğan ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6100 ton çoxdur. Əslində ixraca rüsumun tətbiqi ilə bağlı qərarın yanvarın 1-dən verilməsi ölkədən ən azı 7 min ton soğanın ixracının qarşısını ala bilərdi və təbii ki, bu da qiymətlərin tarazlaşmasında əhəmiyyətli rol oynaya bilərdi”.

Ekspertə görə, Nazirlər Kabinetinin qərarı soğanın qiymətinə təsiri az olacaq: "Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehlak bazarını tənzimləmək üçün zəruri olan qərarlar bir çox hallarda ya verilmir və ya da vaxtında verilmədiyindən onun səmərəsi olmur. Bu halda isə Nazirlər Kabinetinin 5 aprel tarixli qərarının soğanın qiymətinin sabitləşməsində təsiri çox az olacaq. Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək. Odur ki, gözləmək lazımdır ki, təzə soğan satışa çıxsın”.

Uğur Fərzəli
Toplum.Tv