18:03, 17 Fevral 2020 (Bazar ertəsi) 327

Nizami küçəsində "Dovşan Banni” olmaq

Nizami küçəsində
"Hərdən uşaqlar məni böyük oyuncaq sanır, valideynlərinə "mənə bu oyuncağı al” deyirlər”, - hər gün Bakının Nizami küçəsində "Dovşan Banni" qiyafəsində dolaşan, animator Gündüz Qasımov Toplum.Tv-yə deyir. 

Danışır ki, ara-sıra uşaqlar onu – "Dovşan Banni"ni alıb evlərinə aparmaq istəyirlər. 

Həmin vaxt valideynlərin uşaqları bu sevdadan vaz keçirməsi, şıltaqlığı, inadı tutan uşaqların əlindən çıxa bilməsi onun az zamanını almır. 

Gündüz Qasımovun iş yeri Bakının düz göbəyindədir, Nizami küçəsində. 

O, hər gün axşama doğru, saat 4-dən, 5-dən sonra cizgi film qəhrəmanları – Maşa və Ayı, Çəhrayı Pantera, Miniyon kostyumlu animatorlarla birgə istirahət edən sakinləri və turistləri əyləndirir.

Maşanın, Ayının, Çəhrayı Panteranın kostyumları altında kimlər var? 

Gündüz Qasımov cavab verir: "Bu işdə qızlar da var, uşaqlar da, tələbələr də”.

O, iş gününün başlanmasını belə təsvir edir: "İşə gəlirik hansı kostyum əynimizə olursa onu, gec gələndəsə hansı kostyum qalıbsa, onu geyinirik. Mənim boyum uzun olduğundan çox vaxt dovşan oluram. Kostyumu geyinəndən sonra da bizə ayrılan yerləri fırlanırıq. Bu ərazini gündə 100-150 dəfə təkrar-təkrar gəzirik”.

Qarşılaşdığı çətinlik təkcə onu oyuncaq sanan dəcəllərlə qarşılaşması deyil. Yay-qış bu ağır kostyumu daşımaq, Nizami küçəsini dönə-dönə var-gəl eləmək, uşaqların diqqətini özünə çəkib valideynlərin şəkil çəkdirməsi üçün əllərini ciblərinə salmalarına nail olmaq lazımdır. Bunun müqabilində hər müştəridən alacaqları bir ya iki manatdır. 

Gündüz Qasımov şikayətlənir: "Bu işdə pul qazanmaq günündən asılıdır, elə vaxt çox adamla şəkil çəkdirərsən, elə vaxtı adam tapmazsan. Uşaqlı adamlara yaxınlaşırsan, əl sallayırsan, uşağı əyləndirirsən, şəkil çəkdirirsən... Bəzən olur ki, adamlar özləri şəkil çəkdirmək istəyir. Kobud cavab verəni də olur. Arada uşaq yaxınlaşır şəkil çəkdirmək istəyir, valideynin də görürsən imkanı yoxdur, övladına izah edə bilmir. Onda şəkil çəkdirib pul götürmürəm, ən azından uşağı sevindirmiş oluram. Bu işi də elə uşaqları sevindirə bilirəm deyə sevirəm”.

Hərçənd bəzən gənc valideynlər özləri uşaqlardan dala qalmırlar.  

"Çoxu mehriban olur, amma yüzdə bir faizi "zloy” tərəfinə salır. Eləsi də var ki, özünü göstərmək üçün gəlir itələyir, ya da başqa xoşa gəlməz hərəkət eləyib qaçır. Kostyumun başını çıxarıb arxasınca nəsə deyəndə əl eləyib "zarafat elədim” deyirlər”. 

Gündüz Qasımovu arada başqa kostyumlarda da görmək da mümkündür. Məsələn, Çəhrayı Pantera, ya da Şaxtababa olur. 

O, bu işi necə tapmasından danışır: "Dekabr ayı idi, bayram vaxtları. İşdən çıxmışdım. Bir tanışım dedi ki, belə bir iş var, mən də gəldim. Yeni il bayramı vaxtı Şaxtababa idim. Bayram vaxtları işləmək daha asan olur, nəinki indi”. 

Bayram günü valideynlər övladlarını daha çox sevindirməyə çalışdıqlarından əllərini ciblərinə tez-tez aparır, xəsislik etmirlər. Bayram bitəndən sonrasa təkcə "Dovşan Banni" olmaqla dolanmaq çətinləşir. Odur ki, Gündüz həm də başqa işlərdə çalışmalı olur. Məsələn: "Restoranlarda ofisiant oluram”, - deyir. 

Animatorların işi şəhərdə axşam saat 10-da, 11-də başa çatır. İş bitir və "Dovşan Banni" kostyumunu çıxarıb Gündüz Qasımov gerçək həyata dönür, yorğun ayaqlarının dincini alır.

Arzu Çinarlı