16:46, 08 May 2018 (Çərşənbə axşamı) 650

"O, təkbaşınadır, dəyişməzdir" - MÜSAHİBƏ

"İncəsənət müqayisəyə girən bir sahə deyil"
 
Toplum.Tv gənc yazar Məsudə Cabbarla müsahibəni təqdim edir: 

- 2018-ci ildə nə yeniliklər var? Yeni kitab gözlənilirmi? 
– Hələ ki üzərində işləyirəm. Tələsmək istəmirəm. Amma olacaq.

- Daha çox hansı mövzularda yazmağı sevirsiniz?
 – Sevgidən uzaq yazıları daha çox sevirəm. Yəni soyuq bir dünyanı. Hər şeyi olduğu kimi görməyə çalışmağı... Daha çox distopiya, realist, bəzən surrealist mövzualarda yazmağı xoşlayıram, ancaq bu cür yazılarımı oxucularla paylaşmaq üçün bir az zaman lazımdır. Çünki hələ bizdə oxucu kütləsi yeni-yeni yaranır. Bir çox gənc nədənsə romantik mövzuları daha çox xoşlayır. 

-  Əksər oxucular xarici yazarların kitablarını oxumağa daha çox üstünlük verirlər. Sizcə, bu, zövq məsələsidir, yoxsa keyfiyyət? 
– Dediyim kimi bizdə kitab oxuma vərdişi yeni-yeni yaranır. Və hər şeydə olduğu kimi burada da başqa mədəniyyətdən qidalanmaq daha məntiqli gəlir. Yəqin düşünürük ki, bilmədiyimiz bir dünya, başqa bir din, başqa bir mədəniyyət bizə daha çox şey qatar nəinki aşina olduğumuz hadisələr, cəmiyyət və ya insan davranışları...

- Son illər ərzində oxuduğunuz yerli yazarlardan varmı? 
– Var. Amma ən son Hüseyn Cavidin "İblis" əsərini təkrar oxumuşam.

- Bir çox oxucular xarici yazarların əsərlərinii orijinal dildə və ya daha çox türkcə tərcümə olunmuş versiyada oxuyurlar. Sizcə, ölkəmizdə nəşriyyat evlərinin səviyyəsi nə yerdədir?
 – Mən nə vaxt öz dilimizə tərcümə olunmuş xarici kitab almışamsa bir çox texniki səhvlə qarşılaşmışam. Bu səbəblə mən özüm də çox əziyyət çəkmişəm. Çünki öz kitablarımın redaktə işində də bu cür problemlər üzə çıxıb. Amma "Bakumoz Books" kitab evindən çıxan kitablar bu baxımdan çox keyfiyyətli olur.

- Hazırki kino mədəniyyətimiz barədə nə deyə bilərsiniz?
 – Bu barədə çox danışmaq istəmirəm. Ancaq yəqin ki, hələ çox uzun müddət bayağı yumor lənəti üzərimizdə qalacaq.

- Son illərdə keyfiyyətli çəkildiyini düşündüyünüz və izlədiyinizdə razı qaldığınız yerli filmlərdən varmı?
 – Xeyr, yoxdur. İzlədiklərim var ancaq vəziyyət heç yaxşı deyildi.
 
- Niyə ölkəmizdə incəsənət digər ölkələrə nisbətən daha yavaş inkişaf edir?
 – İncəsənət müqayisəyə girən bir sahə deyil. Azərbaycanın incəsənəti Fransa və ya başqa bir yerin incəsənəti ilə rəqabətə girə bilməz. O, təkbaşınadır. Daima yeniləndiyi düşünülsə də, əslində, dərinliyində təkdir və dəyişməzdir. Xüsusi bir yeri yoxdur. Eyni zamanda hər yerdədir. Bizim nəzərdə tutduğumuz şey incəsənət deyil. İncəsənət nümunəsi adı ilə tanıdığımız bir şeyin nə qədər populyar olub-olmamasıdır. Bu isə sənətin özünü aşağılamaqdır.

- Sizə görə dünyanı dəyişə biləcək aforizm hansıdır?
– Həqiqəti axtarana inan, onu tapana şübhə et...

Samirə Əliyeva
Toplum.Tv