21:41, 17 İyul 2019 (Çərşənbə) 87

Olimpiya Festivalı zamanı Bakıda hərəkət məhdudlaşdırılacaq

Olimpiya Festivalı zamanı Bakıda hərəkət məhdudlaşdırılacaq
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət tətbiq edəcək.

Bu barədə Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

Yarışların keçiriləcəyi müddətdə (21-27 iyulda) ancaq xüsusi icazəsi olan nəqliyyat vasitələrinin sarı zolaq (ayırıcı) ilə hərəkətinə icazə veriləcək. Qurum sürücülərə həmin zolaqla hərəkəti tövsiyə etmir.

Əsas magistrallarda sarı rəngli avtomobil zolağına videomüşahidə kameraları nəzarət etməlidir.

Müvafiq icazə olmadan həmin zolaqlardan istifadəyə görə, cərimə nəzərdə tutulur.

Yol polisi avtomobil sahiblərinə tövsiyə edir ki, yarışların keçirildiyi müddətdə süni tıxaclara və yollarda sıxlığa yol verilməməsindən ötrü ictimai nəqliyyatdan istifadə etsinlər.

"Bakı 2019" 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-nə kimi Bakıda keçiriləcək.