18:36, 30 Dekabr 2018 (Bazar) 647

Onların həyatında səs yoxdur - "Mənim hekayəm"

Onların həyatında səs yoxdur -
Onların həyatında səs yoxdur. Danışmadan, eşitmədən təbəssümlə peşələr öyrənirlər. Gözləri ilə afərin alırlar, əllərilə pul…

Onların evlərində sükut var. Televizor belə səssiz çalışır. Onlar uşaq vaxtı səsli oyuncağa gülməyib, hürən itdən hürkməyiblər. Səhərlər xoruzun səsinə oyanmayıb, yayda bülbül çəh-cəhilə çay içməyiblər. 

Yağış düşən torpaq qoxusunu sevsələr də, damcıların novalçalardakı səsini duymaylblar. Şimşək çaxanda göy gürultusundan qorxmayıblar. 

Beləcə duymadıqları və ifadə etmədikləri hər pislik qədər saf baxışları və içdən gülüşləri var…

Sevər və Zeynullah İsgəndərovlar Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya göz açıblar.

Sevərin 20, Zeynullahın 19 yaşı var. Hər ikisi doğuşdan eşitmə məhdudiyyətli olduğundan danışa da bilmirlər.

Anaları Dürdanə İsgəndərova deyir ki, Sevərlə Zeynullah hələ azyaşlı vaxtlarından Bakıda inklüziv sinifdə yazmaq və oxumaq vərdişlərinə yiyələniblər. Həmçinin qısa zaman kəsiyində onlar işarət dilini də öyrəniblər.

Böyüdükcə hər ikisi özlərinin sevdiyi peşələrə yiyələnmək üçün müxtəlif ustaların şagirdi olublar. Sevər bir neçə il əvvələ qədər toxuculuqla məşğul imiş. Hazırladığı məhsullardan da müəyyən qədər pul qazanıb.

Sonra sıxılıb və bu işlə məşğul olmağı buraxıb. Bir müddət rayon mərkəzindəki gözəllik salonlarından birində çalışmağa başlayıb. Bir neçə ay öncə müştəri azlığından şikayət edərək oranı da tərk edib. Hazırda evlərinin yaxınlığında işləyən dərzinin şagirdidir. 

Anası deyir ki, Sevərin ən böyük arzusu oturaq halda deyil, gəzərək pul qazanmaq, yeni-yeni yerlər görməkdir. O, ifadə edir ki, jurnalist olmaq istərdi. 

Dürdanı İsgəndərova deyir ki, onun istəyinin yerinə yetirmək üçün yay ərzində fərqli yerlərə tətilə göndərir.

Zeynullah isə vaxtilə taxtadan və dəmirdən əşyalar hazırlamağa meyl göstərib. Həmçinin özünü müxtəlif formalarda videolara çəkərək sosial şəbəkələrdə paylaşıb. Texniki baxımdam imkanları məhdud olduğundan bu işi buraxıb, amma videoya olan sevdasından da əl çəkməyib. Hazırda toy çəkilişləri ilə məşğul olan videoqrafın köməkçisidir.

"Uşaqları işə çox həvəslə başlayırlar. Lakin az pul qazananda həvəsdən düşürlər. Elə buna görə də bir çox peşə dəyişiblər”, - Dürdanə xanım deyir. 

Bildirir ki, özünün və həyat yoldaşı İsmayıl İsgəndərovun nitq problemi olmasa da, övladları ilə anlaşmaq üçün evdə əsasən jestlərdən istifadə edirlər.

İsmayıl İsgəndərovun 46 yaşı var. Kəndin mollasıdır. O, sadə və sakit həyat tərzi sürdüyünü deyir. Bir də onu deyir ki, ailəsini getdiyi məclislərdən qazandığı xırda-xuruş pullarla dolandırır. Yaşayışından heç bir narazılığı yoxdur. Onlar da Zaqatalada yaşayan əksər ailələr kimi fındıq əkini ilə məşğuldurlar. 

Dürdanə xanım isə işsizdir. Fındıq yığını və emalı zamanı ailəsinə kömək edir.

Atası Zeynullahın işindən çox razılıq edir: "Günə 5 manat qazanır, amma əli, ayağı təmiz qazanır. Elə fəhlələr var ki, min əziyyətlə 6-7 manat alırlar. Evdən maşınla aparıb, maşınla gətirirlər. İki dəfə də yeməyini yeyir. Həm də uşaq vaxtından mənimlə hər yerə gedib deyə hamı da dilini bilir. Çətinlik yaşamır”.
 
Ailə uşaqların müalicəsi ilə bağlı uzun müddət həkimlərə müraciət etsə də, bunun faydasız olduğunu görüb. Bundan sonra da vəziyyətlə barışıblar. İndi həm uşaqlar, həm də özləri həyatlarından məmnun olduqlarını deyirlər.

Gülzar N. Məmmədli
Toplum TV