16:16, 08 Avqust 2019 (Cümə axşamı) 68

“Onu tanımaq nədir, heç ana dilini bilmirdim...” - Erkən nigaha girmiş qadınların həyat hekayələri

“Onu tanımaq  nədir, heç ana dilini bilmirdim...” - Erkən nigaha girmiş qadınların həyat hekayələri
Birinci hissə

Azərbaycan qanunlarına əsasən, istisna hallar xaricində, qadınlar və kişilər üçün nigah yaşı 18-dir. Lakin bir çox bölgəmizdə, şəhərlərdə və hətta paytaxtın özündə erkən nigaha tez-tez rast gəlinir. Bu qanun pozuntusu və cinayətin qurbanı çox vaxt qadınlar olur. 

Toplum.tv qadınların erkən nikah hekayələrinin birinci hissəsini təqdim edir...

"Mənə kimisə qaçırıblar deyəndə, qəhqəhə çəkib gülürdüm ki, hansı zəmanədə yaşayırıq?”

Şərti adı Aysel olan xanımın indi 40 yaşı var.  11-ci sinfi təzə bitirəndə, 16 yaşında onu qohumları qaçırıb. Özündən 14 yaş böyük, avara, sevmədiyi, hətta nifrət etdiyi biri. 

Əvvəlcə hadisənin baş verdiyini inana bilməyib: "Belə bir şeyin mənim başıma gələcəyinə inanmırdım. Üsyan etdim, ağladım, dava saldım -  amma əlim hara çatar ki? Günlərlə tanımadığım insanların evlərini gəzdirdilər. Axırda Bakıdan çıxarıb rayona apardılar. Hələ də inanırdım ki, ailəm mənə qarşı bu vicdansızlığı etməz, məni bu nifrət etdiyim adamla qoymaz... Amma ailəm də mentalitetlə zəhərlənmişdi. Qaçırılmış qız qayıtmaz deyə toy əvəzi balaca məclislə məni gəlin etdilər”.

Aysel xanım danışır ki, "toy”da ən çox ona ağır gələn qohumlarının heç birinin iştirak etməməsi olub. Toydan sonra rayonda yaşayıblar. Sonra Bakıya kirayə köçüblər. 

İlk övladı dünyaya gəlib - İlham...

Fikir ayrılığı, davalar, qısqanclıqlar. Deyir, "mən uşaq, o yekə kişi...” 

Yoldaşı Aysel xanımın uşaqlığını da dərk etməyib. Evin yükünü çəkə bilməyəndə, uşaq ağlayanda ona qışqırır, pis ana olduğunu deyirmiş. Dəfələrlə küsüb ata evinə gedib. Toyuna gəlməyən qohumları hər dəfəsində gəlib onu ər evinə qaytarıb.

"İkinci uşaq mənim üçün zəncir rolunu oynadı...”

İlk övladı körpə ikən ikinci uşağa hamilə qalıb. Aldırmağı belə düşünürmüş. Lakin kifayət qədər pulu olmayıb. İndi bunun üçün şükür edir: "İki körpə uşaq, mən özüm də uşaq kimi bir şey və deyingən, qısqanc ər. Döyülürdüm, söyülürdüm, bədənimin, üzümün salamat qaldığı bir gün olmurdu. Ay aman, o günlər getsin, bir də gəlməsin. Artıq dözə bilməyib üsyan etməyə  başladım. Səsimi yüksəldir, daha bərkdən ağlayır, döyüləndə, gücüm çatmasa da, mən də vururdum. Axırda gördüm belə olmur. Bir yaşlı və 3-4 aylıq iki körpəmi də götürüb ata evinə qayıtdım. Daha qonşular, qohumlar gəlsə də, anam da arxamda dururdu. O da məni qanlar içində görməyə dözə bilmirdi artıq. Həmin günün sabahı boşanmaq üçün ərizə verdim”.

Aysel xanım o günləri xatırlayanda hər kəsə qışqırdığını, çox əsəbi olduğunu deyir. Amma bütün əsəbi, qışqırıqları qorxudanmış – onu o adamın yanına məcbur göndərərlər deyə. İkinci məhkəmədə ancaq boşana biliblər. Çünki keçmiş əri məhkəmədə iddia edirmiş ki, "mən sənə yaxşı baxıram, sən ərköyünlük edirsən”. 

Aysel xanım boşanma kağızı aldığı günü ən xoşbəxt gün kimi xatırlayır: "Allahım, mən necə azad, necə xoşbəxt idim. Məhkəmə zalından çıxanda gördüm ki, göyün üzü mavi, günəş sarıymış, ətraf aləm rəngbərəng imiş – dünyanın rəngli olduğunu unutmuşdum”.

Boşanandan sonra Aysel xanım boş durmayıb. Həyata dörd əlli sarılıb. Körpə övladlarını anasının yanında qoyub iş tapıb, kompyuter kursuna yazılıb. Öz büdcəsini qurandan sonra uşaqlarını baxçaya qoyub. İşdən yorğun gəlib balalarına sarılıb, onlardan güc alıb. Cəmiyyət isə onu yenə də rahat buraxmayıb.

"Heç acgöz kişilər imkan verər ki, yazıq qadın rahat yaşasın?”

"Boşanmış” adı Aysel xanımın lənətinə çevrilib. Ətrafda adına söz çıxaranlar, narahat edənlər çox olub. 

O günləri belə xatırlayır: "Neçə il onlarla mübarizə aparmalı oldum. Bu cəmiyyətdə yaxşı insan olmağa ətrafdakılar imkan vermir. Nə qədər deyirsən "a kişi, mən sən deyənlərdən deyiləm, ağlın başqalarına getməsin. İşimdə-gücümdə olan adamam, imkan ver, ailəmi saxlayım”. Qayıdıb deyir: "Yox, boşanasan, həyatında kimsə olmaya? Mümkün deyil!” 

Bütün təzyiqlərə baxmayaraq Aysel xanım işləyib, kompüter kursunu bitirib. Hətta neçə il aradan sonra imtahan verib, pedaqoji kolleca qəbul olub. Balaları məktəbə gedəndə o də kollecə gedib. İşləyə-işləyə öz evini tikdirib. Böyük oğlu video operatordu. Kiçik oğlu əsgərlikdən təzə qayıdıb, fotoqraf işləyir. Aysel xanım bu il bir arzusunu da həyata keçirib – avtomobil alıb. 

Gənc qızlara məsləhət görür ki, erkən yaşda ailə qurmayın: "Sevgisiz, savadsız ailə qurmayın. Baxın, yenə deyirəm, savadsız – oxuyun, təhsil alın, nəsə öyrənin, sonra ailə qurun. Savadsız qadın savadsız ailə, savadsız övlad deməkdir. Təhsil alın, hüquqlarınızı bilin və özünüzü müdafiə etməyi bacarın. "ay qonşu nə deyər”, mentalitet bəhanəsiylə xəyallarınızın üstündən xətt çəkməyin. Bu həyata bir dəfə gəlirik. Gözəl yaşamaq istəyənə heç nə və heç kim əngəl ola bilməz. Allah bütün qadınları xoşbəxt etsin”.

16 yaşında zorla qaçırılan, öz cinayətkarı ilə evləndirilən, heç nəyə baxmayaraq öz ayaqları üstündə duran xanımın həyat hekayəsi bax belə davam edir. 

Cəmilə Məmmədli