17:02, 14 İyun 2019 (Cümə) 185

Oqtay Gülalıyev: “Saxtakarlığı ört-basdır edə bilmirlər”

Oqtay Gülalıyev: “Saxtakarlığı ört-basdır edə bilmirlər”
İyunun 13-də Bakının Sabunçu Rayon Məhkəməsində şərti olaraq "Gəncə işi" adlandırılan 2 qrup insanın məhkəmə prosesi davam etdirilib.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev "Facebook” səhifəsində yazıb. 
 
Əvvəlki məhkəmələrdən fərqli olaraq prosesdə Avropa Birliyinin və ABŞ səfirliyinin nümayəndələri iştirak edib.

Müstəqil vəkillər Şəhla Hümbətova və Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin müdafiəsinə qoşulub və məhkəmə prosesində iştirak ediblər. 
 
"Adı çəkilən vəkillərin prosesə qatılması elə ilk məhkəmədə hakimlə onlar arasında yaranan gərginliklə müşahidə olundu. Hakim Dadaş İmanovun vəkillərin və təqsirləndirilən şəxslərin çıxışını dəfələrlə kəsməsi, onlara əsassız xəbərdarlıq edib işgəncə mövzusunda danışmalarına mane olması, birtərəfli mövqe tutuması gərginlik yaratdı. Buna irad bildirən vəkil Şəhla Hümbətova və digər vəkillər hakim Dadaş İmanova yazılı etiraz təqdim etdilər. Etiraza sabahkı məhkəmə prosesində baxılacaq”.
 
Hüquq müdafiəçisi bildirib ki, məhkəmənin ən diqqətçəkən məqamlarından biri işgəncə hallarının araşdırılması ilə bağlı Respublika Baş Prokurorluğunun məhkəməyə ünvanladığı qərar olub.

"Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən imzalanan qərarda qeyd olunur ki, təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar təsdiqini tapmayıb. Prokurorluğun bu qərarı bədənlərində işgəncə izləri hələ də qalan və bunun fiziki- mənəvi əzabını yaşayan məhbusların etirazına səbəb oldu. Prokurorluğun "araşdırması" isə həmişəki kimi birtərəfli, başdansovdu olmaqla, sadəcə, ümumi söz yığnağından ibarət idi. "Araşdırma” nın əsas hallarından olan 10- 11 iyul 2018- ci il tarixlərdə Gəncədə polis idarələrində videokamerala baxış keçirilməsi "unudulmuşdu", - o bildirib.
 
Oqtay Gülalıyev onu da yazıb ki,  "Gəncə işi"nə ictimai diqqət artandan sonra bu işi düzüb-qoşanlar, xüsusən Respublika Prokurorluğu çətin duruma düşüb:
"Obyektiv, ədalətli araşdırma apara bilmirlər. Məhkəməni də yekunlaşdıra bilmirlər. Çünki yalanı boğa, qanunsuzluq və saxtakarlığı ört- basdır edə bilmirlər. Beynəlxalq qurumların məhkəməyə diqqətinin artması, müstəqil və təcrübəli vəkillərin işə qoşulması "Gəncə işi" ilə bağlı istintaq orqanlarının ifşa olunmasını daha da surətləndirir”.
 
Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. 

Onlardan artıq bəzi qrupların məhkəməsi başa çatıb. Mühakimə edilənlər əsasən zorakılıqların, talanların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham edilib.

Onlara 5 ildən 9 ilə qədər həbs cəzası verilib. 

Məhkumların çoxu özlərini tamamilə günahsız sayıb.

Həmin hadisələrlə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib.

Ümumilikdə bu hadisələrlə bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanıb.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Yusif Səfərov ittihama münasibətini hələ ki açıqlamayıb.

Onun məhkəməsi başlamayıb.

Bu hadisədən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı rəsmi məlumatların həqiqət olmadığını iddia ediblər.
 
Əbülfət Baxşəli