15:53, 13 Dekabr 2019 (Cümə) 160

Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var

Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika müşahidə olunur. Son sutkalar o daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.

Turan informasiya agentliyi xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva danışıb.

F.Gülalıyeva bildirib ki, buna baxmayaraq, o hələ də komadadır: "Lakin müalicədəki müsbət dinamika onun bu durumdan çıxacağına ümid yaradır".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.