01:12, 20 İyul 2019 (Şənbə) 280

Orta aylıq əmək haqqı düzgün hesablanırmı?

Orta aylıq əmək haqqı düzgün hesablanırmı?
2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 583,7 manat təşkil edib.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artıb.

Statiskaya görə, əməkhaqqı neft sektorunda 3168,5 manat olub. Qeyri-neft sektorunda isə 524,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.

İqtisadçı Toğrul Maşallı deyir ki, reallıqda orta aylıq əmək haqqı sadəcə riyazi göstəricidir: "Bu iqtisadi və ya sosial siyasət üçün istifadə oluna bilməz. 

Baxmayaraq ki, bizdə məhz bu göstəricidən istifadə edirlər. Bu yaxınlarda maaş artımını izah etməyə çalışanda, məhz orta aylıq əmək haqqından istifadə edirdilər”.

Ekspert bildirir ki, iqtisadi və sosial siyasət üçün bir sıra digər göstəricilərdən istifadə olunur. O, bu göstəricilərdən birinin "median” əməkhaqqı göstəricisi olduğunu deyib. 

"Median - bəsit dillə desək, kiçikdən böyüyə doğru düzülmüş sırada ortada duran rəqəmdir. 

Sıra ilə düzülmüş rəqəmlərin 50 faizi mediandan sağda, 50 faizi isə solda yerləşir.

Yəni bunu əməkhaqqı üzərində göstərməli olsaq, əhalinin gəlirlərini hamısını sıra ilə düzüb, ortada duran rəqəmi median, yəni orta aylıq əmək haqqı götürə bilərik. 

Bu göstərici ilə əhalinin 50 faiz yüksək, qalan 50 faiz isə müvafiq göstəricidən aşağı əmək haqqı almış olacaq. 

Dövlət Statistika Komitəsi isə bunu ayrıca olaraq ölçmür”. 

Ekspert deyir ki, Rusiyada 2019-cu ilin əvvəli üçün median orta aylıq əmək haqqını müəyyən etməyə çalışıblar. 

Araşdırma zamanı müəyyən olunub ki, 1286,73 manat (47657 rubl)  orta aylıq əmək haqqı olan qrupda median əmək haqqı 927,04 AZN (34335 rubl) təşkil edib. 

Bu isə orta aylıq əmək haqqından 28 faiz aşağıdır. 

Araşdırma müəlliflərinə görə, orta aylıq əmək haqqının belə yüksək olması əsasən onunla bağlıdır ki, işləyənlərin 20 faiz maaş həcminin 48 faizini alır. 

Başqa tərəfdən araşdırmaçılar kiçik müəssisələri tədqiq etməyib.

İqtisadçı deyir ki, kiçik müəssisələr də daxil edilsəydi, median əmək haqqı daha da aşağı olacaqdı.

O, Azərbaycandakı vəziyyətlə bağlı yalnız mülahizələr irəli sürə biləcəyimizi deyib.

Yanvar-may aylarında ən yüksək orta maaş 3 min 117 manat ilə mədən sənayesində qeydə alınıb. 

Maliyyə və sığorta fəaliyyəti sahəsi 1709,5 manat orta maaşla ikinci, peşə, elmi və texniki fəaliyyət sahəsi 1131,3 manatla üçüncü sıradadır.

Uğur Fərzəli