14:29, 09 Oktyabr 2019 (Çərşənbə) 183

"Çox üzücü və İsa bəyə yaraşmayan haldır" - Yadigar Sadıqlı

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər qurultayöncəsi mövqeyini açıqlayıb. 

Öz feysbuk səhifəsində bu barədə yazan İsa Qəmbər hazırkı partiya başqanı Arif Hacılını dəstəklədiyini deyib. 

İsa Qəmbərin sözlərinə görə, qurultayda səs verəcəyi, başqan kimi görmək istədiyi namizəd Arif Hacılıdır.

Keçmiş başqan qeyd edib ki, seçimi Arif Hacılıyla 30 illik dostluğu ilə bağlı deyil. 

"Bu seçim dostluğa bağlı olsaydı, mən bunu Arif Hacılının bəlkə də köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir. Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır”.

İsa Qəmbər bütün müsavatçılara da səslənib: "Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var. Arif bəy zamanında demişdi ki, Müsavat başqanı vəzifəsi ölkəmizdə prezident vəzifəsindən sonra 2-ci ən önəmli missiyadır. Arif bəyə səs verin!
Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!”

Başqanlığa namizəd Yadigar Sadıqlı İsa Qəmbərin çağırışına öz feysbuk səhifəsində münasibət bildirib: "Partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır”.

Yadigar Sadıqlı yazıb ki, o və Tofiq Yaqublu Müsavat başqanlığına namizədliklərini irəli sürməklə son illər ərzində ilk dəfə partiyanı gündəmə çevirib: "Son 20 gün ərzində vətəndaşlarımızın Müsavat sevgisinin yenidən təzahür etdiyini gördüm. Halbuki neçə vaxtdır mən bu təzahür üçün təşnə idim. Ancaq iradlar, ittihamlar, etimadsızlıqla üzləşirdim. Belə münasibət məni çox ağrıdırdı. Canım Müsavat buna layiq deyildi. Namizədliyimi bəyan edəndə isə gördüm ki, yox, insanımız Müsavatı sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavatın tarixində tamamilə yeni bir səhifə açacaq. Lakin təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxu üçün onun mövqeyi həlledicidir”.

Başqanlığa namizəd qeyd edir ki, Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. 

"Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm”, - Yadigar Sadıqlı vurğulayıb. 

"Ən acınacaqlısı isə odur ki, İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır", - Sadıqlı bildirib. 

O, İsa Qəmbərin mövqeyinin onun üçün gözlənilməz olmadığını bildirib.

Müsavat başqanlığına digər namizəd Tofiq Yaqublu da Toplum TV ilə fikirlərini bölüşüb: "Hər bir müsavatçının, eyni zamanda qurultay nümayəndəsinin istədiyi namizədin lehinə təbliğat, əleyhinə də əks-təbliğat  aparmaq haqqı, hüququ var. Bu, tamamilə normal yanaşmadır. İsa Qəmbər  Müsavat Partiyasının  üzvüdür, qurultay nümayəndəsidir. Müsavat  demokratik təşkilatdır, İsa bəy də Arif bəyin namizədliyini müdafiə edir. Mən burada qəbahətli bir şey görmürəm”.

Müsavat Partiyası oktyabrın 12-də qurultay IX qurultayını keçirməyi planlaşdırır. 

Partiya başqanlığına indiki başqan Arif Hacılı ilə birgə 3 namizəd var.

Elmar Əziz