10:24, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 21

Pakistan SSRİ-yə olan borcunu ödəyəcək

Pakistan SSRİ-yə olan borcunu ödəyəcək


/ DÜNYA
Pakistan keçmiş SSRİ dövründən qalmış 93 milyon dollarlıq borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.

Bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Məlumata görə, sənədi Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazi Halilulla imzalayıblar.

Borc Pakistanla Sovet İttifaqı arasında 1980-ci illərdə keçirilən idxal-ixrac əməliyyatları çərçivəsində yaranıb.
 
80-ci illərdə SSRİ Pakistan şirkətlərindən parça, geyim və başqa materiallar alırdı. İmperiyanın süquta uğramasından və hər iki ölkənin biznesində ticarət əlaqələrinin dağılmasından sonra qarşılıqlı iddialar həll edilməmiş qalıb.
 
2016-cı və 2017-ci illərdə aparılan danışıqlar nəticəsində tərəflər borcların ödənilməsi barədə razılığa gəliblər.