11:59, 19 Sentyabr 2019 (Cümə axşamı) 59

Pakistanda ‘media məhkəməsi’ yaradılır

Pakistanda ‘media məhkəməsi’ yaradılır


/ DÜNYA
Pakistanın media müdafiəçiləri, insan haqları fəalları və müxalifət siyasətçiləri hökumətin media ilə bağlı işlərə baxılması üçün xüsusi məhkəmələr yaratmaq planlarını kəskin pisləyiblər.

Azadlıq Radiosunun xəbərinə görə, Ümumpakistan Qəzetləri Cəmiyyəti sentyabrın 18-də bu qərarı "Paksitan mediası üçün qara gün” adlandırıb.

Pakistanın baş naziri Imran Xanın kabineti bu həftənin əvvəlində "işlərə tez və ədalətli” baxılması məqsədilə xüsusi "media məhkəmələrinin” təsisi barədə qərarı dəstəkləyib.

Hazırda Pakistanda media ilə bağlı işlərə Pakistan Elektron Medianın Tənzimlənməsi Agentliyi və Pakistan Mətbuat Şurası baxır.

Nəzərdə tutulub ki, belə məhkəmələrdə baxılan işlər sonradan birbaşa yuxarı məhkəmə instansiyalarına göndərilə bilər.

Hökumət bunu da bildirir ki, media məhkəmələri təkcə jurnalistlərin deyil, habelə jurnalistlərin şikayətləri əsasında məmurların da işlərinə baxa biləcək.

Lakin media müdafiəçiləri bildirirlər ki, bu məhkəmələrdən məqsəd mətbuatın təhdid edilməsi üçün əlavə alətin yaradılmasıdır.

Onlar sual edirlər ki, məhkəmə medianı necə müdafiə edə bilər?

Jurnalistlərin başqa bir narahatlığı bundandır ki, hərbiyyə və təhlükəsizliyin senzurasına daha bir senzura əlavə oluna bilər.

Fəallar bildirirlər ki, media məhkəmələrinin yaradılmasından əsas məqsəd hökumətin tənqid edilməsinin qarşısını almaqdır.

Müxalifət partiyaları parlamentdə bu qanunu dəstəkləməyəcklərini bildiriblər.

Pakistan 2018-ci il üçün Dünyanın Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 142-ci yeri tutur.