22:20, 25 Aprel 2019 (Cümə axşamı) 280

“Pambıq istehsalı digər sahələrə ziyan vurub”

“Pambıq istehsalı digər sahələrə ziyan vurub”
"Texnika və suyun kimə veriləcəyini inhisarçılar təyin edir, pambığın yığımı belə onların göstərişi ilə olur. Hamısı eyni şirkətin əlində cəmlənib. Hər sahədə olduğu kimi burada da sistemsizlik var”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda pampıqçılığın vəziyyəti ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Məhsuldarlıq aşağı düşüb”

Ekspert deyib ki, neftin qiyməti ucuzlaşdıqdan sonra pambıqçılıq üçün əkin sahələri artsa da, məhsuldarlıq aşağı düşüb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2005-ci ildə 196 min 616 ton pambıq istehsal edilmişdisə, 2016-cı ildə, yəni dövlətin pambıq üçün yatırımlara başladığı müddətdə pambıq istehsalı 89 min 442 min ton olub.

DSK-nın başqa bir məlumatına əsasən, 2015-ci ilə nisbətən 2017-cı ildə pambıq üçün əkin sahələri 127 min 729 hektar artırılsa da, məhsuldarlıq 3,5 sentner aşağı düşüb.

Vahid Məhərrəmov deyir ki, hökumət bir il əvvəl, 2018-ci il üçün hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan bu göstəricini 2 dəfə aşağı endirib: "2018-ci ilin oktyabrında İlham Əliyev Nazirlər Kabinetinin iclasında pambıq istehsalında məhsuldarlığın artırılmasının vacibliyini vurğuladı və qeyd etdi ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır. DSK-nın məlumatına görə, 2018-ci ildə ölkə üzrə 132 min 512 hektar pambıq sahəsindən 232,2 min ton xam pambıq əldə olunub. Bu isə o deməkdir ki, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentnerə bərabərdir. Pambıqçılıqda məhsuldarlığın  bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu kimi keçən ildə də bir çox rayonda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıblar”.

"Bəs pambıqdan gələn 100 milyon manata yaxın pula nə oldu?”

"2017-ci ildə 207,5 min ton pambıqdan 80 min tona yaxın mahlıc əldə olunub ki, bunun da əsas hissəsi 2018-ci ildə ixrac edilib. Ümumilikdə 2018-ci ilin yanvar-dekabr aylarında 104,13 milyon dollar dəyərində pambıq ixrac olunub. İxrac olunan pambıq lifinin 1 tonunun dəyəri 1481 dollar təşkil edib. 2017-ci ildə pambıqdan gəlir 118,48 milyon ABŞ dolları (201,4 milyon manat) olub. DSK-nın məlumatına üzrə aparılan hesablamalara görə, ümumilikdə 2017-ci ildə emal müəssisələri 207,5 min ton xam pambığın alışı üçün cəmi 105,5 milyon manat xərcləməli olublar,”- ekspert qeyd edib.

Yəni 2017-ci ildə əkilmiş pambığı 2018-ci ildə satışa çıxarılması ilə 95,9 milyon manat gəlir əldə olunub (201,4-105,5).  Ekspert deyir ki, başqa bir statistik göstəricidə isə 2017-ci ilin pambığının xərcləri gəlirindən çox göstərilib: "Statistikaya görə 2017-ci ildə sentneri 51,17 manata başa gələn pambığın satış qiyməti 50,87 manat olub. Bəs pambıqdan gələn 100 milyon manata yaxın pula nə oldu?”

Vahid Məhərrəmov bildirib ki, bu, iri inhisarçılardan birinə, yəni "Paşa Holding”-ə çatıb. Kəndli isə bu işdən ziyanla çıxıb: "Xam pambığın emalından əldə olunan digər məhsulları da hesablasaq, bu sahədə rentabellik 120 faizdən çoxdur. Baxmayaraq ki, keçən il bu sahənin ziyanla başa gəldiyi DSK-nın təqdim etdiyi cədvəllərdə öz əksini tapıb. Bu hesabla DSK kəndlilərə dəyən ziyanın cəmini 621 min manat kimi göstərib. Əslində isə apardığımız hesablamalar göstərir ki, keçən il pambıq istehsalçılarına dəyən ziyan 10 milyon manat təşkil edib. Hətta DSK-nın təqdim etdiyi məlumatlara əsaslanaraq demək olar ki, 2017-ci ildə pambıq istehsalı kəndlilər, fermerlər üçün ziyanla başa gəlsə də, oliqarx-məmurlar bu sahədən 100 milyon manatdan çox təmiz qazanc əldə ediblər”.

Ekspert dünyada hazırda ucuz və keyfiyyətli pambığa ehtiyac olduğunu deyib: "Dünyada ciddi rəqabət movcuddur. Bu sahədə yüksək elmi potensialı, müasir texniki avadanlıqla təchiz olunmuş emal müəssisələri, yüngül sənaye zavodları, fabrikləri və texnoloji üstünlüyə malik olan ölkələrlə rəqabət aparmaq ciddi hazırlıq tələb edir”.

"Digər sahələrə ziyan dəyib”

BMT-nin Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2007-ci il statistikasına əsasən Azərbaycan hər hektardan mahlıc çıxışına görə 13 ölkə arasında yalnız Hindistanı qabaqlayıb.

Vahid Məhərrəmov pambıqçılığın başqa sahələrə də ziyan vurduğunu bildirib: "Son üç il ərzində ət və süd məhsulları idxalı 2,6 dəfə artıb. Bu müddət ərzində ət və süd məhsullarıının idxalı üçün əvvəlki illərə nisbətən 125 milyon dollar çox vəsait xərclənib”.

DSK-nın məlumatına əsasən 2015-ci ildə pambıq sahələri 30 min hektar idisə, 2 il ərzində 136 min hektar olub. Nəticə olaraq Azərbaycan 2015-ci ildə xaricdən 77 milyon dollarlıq ət və süd məhsulları idxal etmişdisə, 2018-ci ildə bu, 201 milyon dollar olub.

Ekspert isə bildirib ki, mövcud örüş sahələrini, təbii biçənəkləri əkinə verməklə, heyvandarlığın yem bazası zəifləyib və nəticə də xaricdən idxal artıb. Onun dediyinə görə həmin ərazilələri kəndlilərdən "dövlətindir” deyərək alıblar.

Vahid Məhərrəmov Prezident İlham Əliyevin pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində səsləndirdiyi: "Biz 2022-ci ildə 700 min ton pambıq istehsal edəcəyik” sözünə də münasibət olaraq bunun mümkün olmadığını deyib: "Yəni 136 min hektarda 206 min ton pambıq istehsal olunursa, 104 min hektarda 700 min ton pambıq əldə etmək olmaz. Azərbaycanda onsuz da əkin üçün 1 milyon 600 min hektar yararlı sahə var və bunun 200 mini Qarabağdadır. Azərbaycanda maksimum 40 sentner pambıq əldə etmək olar ki, bu da növbəli əkimlə mümkündür”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi Tədqiqat İnstiutu pambıqda məhsuldarlığı çoxaltmaq üçün əkin sahələrini azaltmağı qərara alıb.

Bəs Azərbaycanda pambıqçılığı necə inkişaf etdirmək olar?

Ekspertə görə Azərbaycanda pambıqçılığı inkişaf etdirmək mümkündür. Bunun üçün lazım olan tədbirləri sadalayıb:
-Pambıq istehsalı ilə məşğul olan fermerlər, kəndlilər arasında əməkdaşlığı genişləndirmək, onların hüquq və maraqlarını təmin etmək, pambıq istehsalı, emalı, ixracı sahəsində səylərin birləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi məqsədilə Pambıq İstehsalçıları Assosiasıyası İctimai Birliyinin yaradılmasını təşkil etmək;
-Pambıqçılıqla məşğul olan fermerlər, kəndlilərə sərbəstlik və seçim imkanı vermək, pambıq emalında və ixracında mövcud olan inhisarçılığı aradan götürmək, fermer təsərrüfatlarına istehsal etdikləri məhsulu emal etmək və xaricə çıxarmaq imkanı vermək;
-Keyfiyyətli və ucuz istehsal vasitələrinin ölkəyə idxalını təmin etmək məqsədilə özəl sektorun bu sahəyə cəlb edilməsinə nail olmaq və bu məqsədlə onların ucuz kredit resurslarına çıxışını təmin etmək lazımdır.

Vahid Məhərrəmov bildirir ki, bunlar edilməzsə, oliqarxlar qazanacaq, kəndlilərə xeyri olmayacaq.

Azərbaycan hökuməti neft qiymətləri düşdükdən sonra pambığa ciddi yatırımlar etməyə başlayıb. Pambıq ölkədə  ağ qızıl olaraq da adlandırılır.

Vüqar Mirzəbəy
Uğur Fərzəli