12:00, 10 Fevral 2020 (Bazar ertəsi) 25

Parlament seçkilərində qalib gələn sosial şəbəkələr

Parlament seçkilərində qalib gələn sosial şəbəkələr
9 fevral 2020-ci ildəki kimi hərislik və biabırçı ifşalar hələ görülməmişdi. Keçiriləcək seçkilərə qarşı mənfi münasibət səsvermədən bir neçə gün əvvəl - Facebook və Youtube-da hökumətyönlü deputatların seçicilərlə görüşlərdən qovulması kadrları yayıldığı zaman yaranmışdı.
 
Bu barədə Turan informasiya agentliyi yazıb.

Bildirilir ki, bu, indiyədək əhalinin vətəndaş jurnalistikası formasında siyasi fəallıq nümayiş etdirmədiyi regionlarda baş verirdi. Sıravi vətəndaşların və yerli fəalların bu cür siyasi reportajlar yayması cəmiyyəti sözün əsl mənasında silkələdi.

Sadə vətəndaşların öz hüquqlarını müdafiə etməyə hazır olması və deputatlardan onları aldatmamağı, istefa verməyi tələb etmək cəsarəti cəmiyyəti  yaxşı mənada təəccübləndirdi.

Etirazların pik nöqtəsi səsvermə gününə təsadüf etdi və fevralın 9-da sosial şəbəkələr seçki məntəqələrindən qalmaqallı kadrlarla dolub-daşdı, canlı efirdə çoxsaylı saxtakarlıqlar, müşahidəçilərə qarşı zorakılıq halları qeydə alındı.

Hakimiyyət, eləcə də seçki sistemi indiyədək belə bir biabırçılıq görməmişdi. Bu fonda MSK sədri Məzahir Pənahovun mızıldaması  9 fevral ideyasına və parlamentin "yeni" tərkibinə mənfi münasibəti yalnız gücləndirirdi.

Nə olursa olsun, yeni təzahürün - vətəndaşların yeni səviyyədə fəallığının formalaşması göz önündədir, bunu "Sosial şəbəkələr inqilabı" adlandırmaq olar. Bu təzahür getdikcə güclənəcək və onun ictimai rəyə təsiri artacaq.

Eyni zamanda, yeni fəallar komandası formalaşır, onlar seçkilərdə və referendumlarda daha fəal və mütəşəkkil şəkildə fəaliyyət göstərərək, hakimiyyətin ictimai rəyin saxtalaşdırılması üzrə ənənəvi və fərsiz siyasəti üçün real təhlükə təşkil edəcək.

Hakimiyyətin növbədənkənar seçki zərurətini izah edərkən pafoslu şəkildə bəyan etdiyi parlamentin "islahatını" və "gəncləşdirilməsini" ayrıca qeyd etmək lazımdır.  Məlum oldu ki, heç nə dəyişməyib və qanunverici orqanın siyasi tərkibi olduğu kimi qalıb.

Bu fonda hakimiyyətin demokratiyanın qələbəsi, iradənin azad şəkildə bildirilməsi və qanunun aliliyi haqqında bəyanatları pis lətifə kimi səslənəcək və demokratik dünya ictimaiyyətinin Azərbaycana qarşı mənfi münasibətini gücləndirəcək.