22:20, 20 İyun 2019 (Cümə axşamı) 64

Parlament sədrləri Keşikçidağı müzakirə edib

Parlament sədrləri Keşikçidağı müzakirə edib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun da müzakirə edildiyi bildirilir.

Bu barədə "Report.az"  xəbər verib.

Xəbərə görə, O.Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, heç kəs bu iki xalqın arasına girə bilməz: «Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın ikinci iclası iyunun sonunda Tbilisidə keçiriləcək. Əminik ki, bu komissiya bu məsələlərin lazımi səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu poza bilməz».

Gürcüstan parlamentinin sədri İ.Kobaxidze də deyib ki, sərhədin delimitasiya (dövlət sərhədinin müəyyən edilməsi) və demarkasiya (sərhəd müəyyən edilənə qədər çəkilən xətt-red.) məsələsi qaydalar çərçivəsində həll edilməlidir: «Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, onlar bizim əlaqələrimizə xələl gətirmək istəyirlər. Onların bu cəhdləri uğurla bitməyəcək. Biz buna imkan verməyəcəyik. Komissiya sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin üçdə iki hissəsini razılaşdırıb, digər hissəsi də dostluq prinsipləri əsasında həll ediləcək».

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin sədri İ.Kobaxidzenin bu gün, iyunun 20-də rəsmi görüşləri başlayıb. Onun prezident İlham Əliyevlə də görüşü gözlənir.

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu yaxınlarda bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb. Bundan sonra Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri ilə bağlı danışıqlar sürətlənib. Bu məsələlərin həlli ilə bağlı yaradılan komissiyanın ilk iclası olub.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələlərinin, əsasən, razılaşdırıldığı bildirilir. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi qeyd olunur. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanından ora Azərbaycanın ərazisi olub.

Azərbaycan prezidentinin sərəncamı ilə 2007-ci ildə «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.