15:25, 26 Mart 2020 (Cümə axşamı) 535

Partiyalardan hansı karantindədir, hansı işləyir...

Partiyalardan hansı karantindədir, hansı işləyir...
Azərbaycanda koronavirusla bağlı karantin tədbirləri ilə əlaqədar martın 24-dən bir sıra obyektlərin işinin dayandırılması və ya məhdudlaşdırılması qərarı qəbul edilib. 

Toplum TV bu qərarın partiyaların iş rejiminə necə təsir etdiyini öyrənməyə çalışıb. Məlum olub ki, partiyaların çoxu xüsusi rejimli karantin qərarını gözləmədən qərargahda işi daynandırıb. Amma bu gərgin günlərdə qərargahın qapısını qapatmayanlar da varmış.

"Rəsmi karantin  qərarından iki həftə əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) karantin şəraiti ilə bağlı daxili qərar verib  və üzvlərini toplaşmamağa, koronavirusu ciddiyə almağa çağırıb. Biz bütün toplantılarımızı iptal etmişik”, - AXCP-nin sədr müavini Seymur Həzi bildirir.


 
"Biz Demokrat Partiyası olaraq fövqəladə vəziyyət elan etmişik, partiya toplantılarını uyğun görmürük”, - ADP sədri Sərdar Cəlaloğlu söyləyir.
 
 

O əlavə edir ki,"partiyanın taleyini həll edən məsələlər” olduqda bunu onlayn müzakirə etməyə qərar veriblər.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bunu deyir: "Mən artıq rəhbər işçiləri martın 10-dan 30-a kimi qərargaha gəlməkdən azad etmişdim. Lakin karantin tədbirləri ilə əlaqədar bu proses uzanacaq”. Partiya başqanı  kommunikasiyanın sosial şəbəkə üzərindən davam etdiyini bildirir. 

 
"Qərargahı bağlamışıq. Ancaq onlayn işləyirik”, - deyə Ümid İqbal Ağazadə Ümid Partiyasındakı vəziyyəti qısaca izah edir.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirir ki, partiyada aprelin 15-dək iş dayandırılıb, hər kəs evə buraxılıb, qəbullar dayandırılıb, toplantılar da keçirilmir.
 


Respublikaçı Alternativ Partiyası (ReAl) isə qərargahını qapatmayıb. 

Partiyanın icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, iştirakçı sayı çox olan iclaslar istisna olmaqla ofis öz fəaliyyətini tam olaraq davam etdirir. 


O qeyd edib ki, böyük toplantıları internet üzərindən onlayn olaraq həyata keçirirlər.

"Bir neçə rutin işlərimiz var idi ki, onunla bağlı ertələmə qərarı aldıq. İki həftədən bir bizim ofisimizdə müxtəlif çıxışların olduğu böyük mühazirələr keçrilirdi, onu dayandırmışıq, martda keçirməmişik. Regional toplantıları da saxlamışıq”, - söyləyir. 

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu haqda Toplum TV-yə qısa danışıb: "Hələlik görüşlər qadağandır. Nazirlər Kabinetinin qərarına uyğun şəkildə hərəkət edilir”.



Azərbaycanda koronavirusla mübarizə məqsədilə martın 24-dən xüsusi karantin elan olunub.  

Elməddin Şamilzadə