11:23, 17 Oktyabr 2020 (Şənbə) 426

Paşinyan: “Biz danışıqlara hazırıq”

Paşinyan: “Biz danışıqlara hazırıq”
Ermənistan Azərbaycan və Türkiyənin regiondakı hərbi fəaliyyətinin qarşısını almaq üçün  Rusiyanın daha konkret addımlar atmasını gözləyir.  

"Rusiyanın regiona təsir mexanizmləri  ABŞ və Fransanın təsir imkanlarından daha çoxdur. Amma Vaşinqton və Paris Moskvaya kömək etməlidir”. 
"Sputnik" saytımın Ermənistan şöbəsinin yazdığına görə, bu sözləri Nikol Paşinyan Fransanın "Liberation" nəşrinə müsahibəsi zamanı deyib. 

O, Rusiyanın həm Ermənistanın strateji partnyoru, həm də ATƏT-in Minsk qrupunun üzvü olduğunu xatırladıb. 
Paşinyan deyib ki, ATƏT-in Minsk qrupunun digər üzvləri və beynəlxalq ictimaiyyət Rusiyanın bölgədə sülhü bərpa etmək təşəbbüslərinə dəstək olmalıdır. 
Ermənistanın baş naziri Moskvada müəyyən razılıqların əldə edildiyini və müvafiq danışıqların bərpası şərtlərinin dəqiq yazıldığını qeyd edib. 

"Əlbəttə, biz danışıqlara hazırıq. Bu, təkcə Qarabağ məsələsindən ibarət olsaydı, onda danışıqlar ATƏT-in Minsk qrupu üzvlərinin və ya bir üzvünün vasitəçiliyi ilə çoxdan başlamışdı. Nəyə görə başlamır? Çünki Türkiyə regionun yenidən formalaşdırılması və burada öz təsirinin yaradılması problemini həll edir" - Paşinyan belə deyib.