17:05, 11 Dekabr 2019 (Çərşənbə) 51

Paşinyan səs itirməsinə rəğmən birincidir

Paşinyan səs itirməsinə rəğmən birincidir


/ DÜNYA
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistan ofisi əhali arasında sorğu keçirib.
 
Novator.az-ın məlumatına görə, sorğuda "İndi parlament seçkisi keçirilsə, hansı partiyaya səs verərdiniz” sualı qoyulub.

Səsvermə hüquqlu 1200 respondentin evində müsahibə yolu aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 55%-i hakim "Mənim addımım” blokuna səs vermək niyyətindədir.

Sorğu iştirakçılarının bir qismi parlamentdə təmsil olunan iki quruma dəstək göstərib – 19% Çiçəklənən Ermənistan Partiyasına, 6% İşıqlı Ermənistan Partiyasına simpatiya ifadə edib.

Sabiq prezident Serj Sarkisyanın Respublika Partiyası sorğuda 4%-lik, Daşnaksütun Partiyası 3%-lik nəticə göstərib.

2019-cu il dekabrın 9-da keçirilmiş son parlament seçkisində baş nazir Nikol Paşinyanın "Mənim addımım” bloku 70,4 faiz səslə qalib gəlib. Çiçəklənən Ermənistan Partiyası parlamentə 8,3 faiz səslə, İşıqlı Ermənistan Partiyası 6,3 faiz səslə düşüb.

Böyük əksəriyyəti Vətəndaş Sazişi Partiyasının üzvü olan "Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 88, Çiçəklənən Ermənistan Partiyası 26, İşıqlı Ermənistan Partiyası 17 mandatla təmsil edilir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılaraq deputat mandatı alıb. 2017-ci ilin parlament seçkisində onun liderlik etdiyi Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə "Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Serj Sarkisyanın baş nazir olmaq niyyətinə qarşı davamlı aksiyalar təşkil edib. 2008-ci ildən prezident postunu tutan Serj Sarkisyan 2018-ci il aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verməyə məcbur olub. Mayın 8-də baş nazir postuna Nikol Paşinyan keçib.